Tarixin saxtalaşdırılması və ikili standartlara əsaslanan yanaşma
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın öz ərazisində həyata keçirdiyi qanuni və şəffaf fəaliyyətin növbəti nümunəsidir. Bu səfərə Ermənistanın bəzi revanşist dairələri tərəfindən verilən reaksiyalar isə regionun tarixi və reallıqlarına münasibətdə hələ də dəyişməyən təhrifçi yanaşmanın mövcudluğunu göstərir.
Xüsusilə diqqət çəkən məqam Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni abidələri birtərəfli şəkildə “erməni irsi” kimi təqdim etməsi, eyni zamanda müasir Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı tarixi-mədəni izləri və yaşayış faktlarını inkar etməsidir. Gəncəsər və Xudavəng kimi dini-memarlıq abidələri ilə bağlı tarixə yalnız etnik mənsubiyyət prizmasından yanaşılması elmi obyektivlikdən uzaqdır. Tarixi irs siyasi iddiaların alətinə çevrilməməli, onun öyrənilməsi və təqdimatı arxiv sənədləri, tarixi mənbələr və elmi tədqiqatlar əsasında aparılmalıdır.
Burada daha ciddi problem isə eyni hadisəyə iki fərqli meyarla yanaşılmasıdır. Belə bir narrativ formalaşdırılmağa çalışılır ki, Azərbaycan ərazisində ermənilərin tarixi yaşayış faktları daim önə çəkilsin, lakin indiki Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını, yaratdıqları yaşayış məntəqələrini, dini və memarlıq abidələrini, mədəni irsini görməzdən gəlmək mümkün olsun. Bu yanaşma tarixi həqiqətin bütövlüyünü pozur və keçmişi siyasi məqsədlərə uyğun şəkildə seçərək təqdim etməyə xidmət edir.
Tarix bir xalqın digərindən üstünlüyünü sübut etmək üçün istifadə edilən vasitə deyil. Hər bir xalqın bölgənin tarixi və mədəni inkişafına verdiyi töhfə obyektiv şəkildə araşdırılmalı və qəbul edilməlidir. Bir ərazidə müəyyən etnik və ya dini qrupun tarixən yaşaması digər icmaların həmin coğrafiyada mövcudluğunu inkar etmək üçün əsas ola bilməz. Əksinə, Cənubi Qafqazın mürəkkəb tarixi müxtəlif xalqların və mədəniyyətlərin qarşılıqlı təmasları fonunda formalaşıb.
Bu baxımdan Azərbaycanın diplomatik nümayəndələri Qarabağ və Şərqi Zəngəzura dəvət etməsi xüsusi əhəmiyyət daşıyır. Xarici diplomatların bölgəyə səfəri onların reallıqları yerində görməsinə, dağıntıların və aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Buna etiraz etmək əvəzinə tarixi faktların açıq müzakirəsinə, qarşılıqlı səfərlərə və beynəlxalq ictimaiyyətin bölgədəki reallıqları sərbəst şəkildə müşahidə etməsinə şərait yaradılması daha konstruktiv yanaşma olardı.
Tarixin siyasi məqsədlərlə seçilməsi və müəyyən xalqın tarixi varlığının sistemli şəkildə inkar edilməsi sağlam elmi yanaşma sayıla bilməz. Etnik mənsubiyyətə görə tarixi irsin “sahiblərinə” bölünməsi isə ayrı-seçkilikçi düşüncəni gücləndirir. Bu səbəbdən regionun gələcəyi naminə əsas prinsip tarixi rəqabət deyil, tarixi həqiqətə hörmət olmalıdır.
Azərbaycanın mövqeyi aydındır: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz ərazisidir və bu torpaqlarda aparılan bərpa və quruculuq işləri ölkənin suveren hüquqları çərçivəsində həyata keçirilir. Tarixə münasibətdə isə ən doğru yol təhriflərə deyil, faktlara söykənmək, bütün xalqların irsini obyektiv şəkildə araşdırmaq və keçmişdən siyasi qarşıdurma deyil, gələcək üçün nəticə çıxarmaqdır.
Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini


























