image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260918-wa0047

YENİ AZƏRBAYCAN PARTİYASININ VIII QURULTAYI: YENİ DÖVRÜN ÇAĞIRIŞLARI VƏ BÖYÜK HƏDƏFLƏR

image-legitimaz-810x90

YENİ AZƏRBAYCAN PARTİYASININ VIII QURULTAYI: YENİ DÖVRÜN ÇAĞIRIŞLARI VƏ BÖYÜK HƏDƏFLƏR

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq və qarşıda duran yeni hədəfləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin geniş və məzmunlu çıxışı ölkəmizin son illərdə əldə etdiyi tarixi nailiyyətləri, qarşıda duran vəzifələri və partiyanın gələcək fəaliyyət istiqamətlərini əhatə etmişdir. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və məsuliyyətli dövrünə təsadüf edir. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın böyük etimadını qazanaraq Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər və hərbi-siyasi vəziyyət dövlətçiliyimiz qarşısında ciddi təhlükələr yaradırdı. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və xalqın iradəsi Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin bərqərar olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə imkan verdi. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildi. VIII Qurultayın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, tədbir Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi Azərbaycan xalqının çoxəsrlik tarixinin ən böyük Zəfərlərindən biridir. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışı da məhz bu tarixi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə qazandığı uğurları diqqətə çatdıraraq qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir. Bu vəzifələr sırasında ölkəmizin hərbi qüdrətinin daha da artırılması, iqtisadi potensialının gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətləndirilməsi və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi mühüm yer tutur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məhəlləri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses Azərbaycan dövlətinin öz gücü və imkanları hesabına həyata keçirdiyi böyük quruculuq layihəsidir. İşğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsi Azərbaycanın iqtisadi, sosial və demoqrafik inkişafına da mühüm töhfə verəcəkdir. Cənab Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirmişdir. Müasir dövrdə informasiya müharibəsi, sosial şəbəkələrdə yayılan saxta məlumatlar və müxtəlif təxribat xarakterli çağırışlar cəmiyyət qarşısında yeni vəzifələr qoyur. Belə bir şəraitdə milli dəyərlərə bağlı, savadlı, vətənpərvər və müasir dünyagörüşlü gənc nəslin yetişdirilməsi olduqca vacibdir. Bu istiqamətdə təhsilin və düzgün informasiya siyasətinin əhəmiyyəti böyükdür. Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələr də yeni dövrün tələblərinə uyğun olaraq genişlənir. Partiya yalnız siyasi təşkilat kimi deyil, həm də dövlətçilik ideyalarının, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin təbliğində mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının əsas gücü onun xalqla sıx bağlılığında, geniş sosial dayaqlarında və ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirakındadır.
VIII Qurultayda partiyanın ötən dövrdəki fəaliyyəti müzakirə edilmiş, təşkilati məsələlərə baxılmış, Nizamnaməyə müvafiq dəyişikliklər edilmiş, partiyanın rəhbər və idarəetmə strukturlarının yeni tərkibi təsdiq olunmuşdur. Bu qərarlar Yeni Azərbaycan Partiyasının müasir dövrün çağırışlarına uyğun fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Qurultayın mühüm mesajlarından biri də ondan ibarətdir ki, Azərbaycanın qazandığı Zəfər böyük tarixi nailiyyət olmaqla yanaşı, yeni məsuliyyətlər də yaradır. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması qarşısında ölkəmizin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və milli təhlükəsizliyin etibarlı şəkildə qorunması kimi mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız partiyanın növbəti qurultayı deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərinin müzakirə olunduğu mühüm siyasi platformadır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, iqtisadi imkanlarının genişlənməsinə və ölkəmizin güclü dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan xalqı əldə etdiyi tarixi Qələbə ilə haqlı olaraq qürur duyur. Qarşıda duran əsas məqsəd isə bu Qələbənin nəticələrini qorumaq, ölkəmizi daha da inkişaf etdirmək və gələcək nəsillərə güclü, müstəqil və firavan Azərbaycan dövlətini miras qoymaqdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və qəbul edilən qərarlar da məhz bu məqsədə – Azərbaycanın davamlı inkişafına, milli həmrəyliyə və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyasının keçdiyi yol göstərir ki, xalqın iradəsinə və milli maraqlara söykənən siyasi kurs ölkəmizin uğurlarının əsas amillərindən biridir. VIII Qurultay isə bu yolun yeni mərhələsinin başlanğıcı kimi Azərbaycanın qarşısında daha böyük hədəflərin dayandığını bir daha nümayiş etdirmişdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki