Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların acı nəticələri illər keçsə də unudulmur
Laçın rayonunun işğal olunması da məhz belə faciəli səhifələrdən biridir. Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi təkcə bir rayonun itirilməsi deyildi. Bu hadisə Azərbaycan torpaqlarının bir-birinin ardınca işğal olunmasına, yüz minlərlə insanın doğma yurd-yuvasından didərgin düşməsinə və ölkənin ərazi bütövlüyünə ağır zərbə vurulmasına səbəb oldu. Laçın Qarabağın ayrılmaz hissəsi olmaqla yanaşı, strateji baxımdan da xüsusi əhəmiyyət daşıyırdı. Rayon Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında yerləşirdi. Məhz bu coğrafi mövqe Laçını düşmənin əsas hədəflərindən birinə çevirmişdi. Ermənilər üçün Laçının ələ keçirilməsi Qarabağda işğal etdikləri ərazilərlə Ermənistan arasında birbaşa əlaqə yaratmaq demək idi. Ona görə də Laçının işğalı əvvəlcədən düşünülmüş, geniş siyasi və hərbi planın tərkib hissəsi idi. 1992-ci il mayın 18-də Laçın rayonunun işğal olunması Azərbaycan üçün son dərəcə ağır hadisə oldu. Şuşanın işğalından cəmi bir neçə gün sonra Laçının da düşmən əlinə keçməsi təsadüfi deyildi. Bu, Azərbaycan dövlətinin həmin dövrdə üzləşdiyi siyasi böhran, idarəetmədəki xaos və hakimiyyət uğrunda gedən daxili mübarizələr fonunda baş verdi. Ölkədə siyasi qüvvələr bir-biri ilə mübarizə apardığı bir vaxtda, Ermənistan və onu dəstəkləyən qüvvələr Azərbaycanın zəifləməsindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycanda vahid komandanlığın olmaması, müxtəlif silahlı dəstələrin mövcudluğu və dövlət idarəçiliyindəki ciddi problemlər vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlətin və xalqın bütün gücü torpaqların müdafiəsinə yönəldilməli olduğu halda, daxildə siyasi çəkişmələr davam edirdi. Nəticədə düşmən bu vəziyyətdən istifadə edərək öz məqsədlərinə çatmağa çalışırdı.
Laçının ermənilərə verilməsinin arxasında məhz Azərbaycanın zəiflədilməsi və torpaqlarının işğal olunmasına şərait yaradılması kimi məkrli siyasi niyyətlərin dayandığını söyləmək olar. Laçının işğalı Ermənistanın Qarabağdakı separatçı rejimlə birbaşa əlaqə yaratmasına imkan verdi. Bu isə sonrakı illərdə işğalın daha da genişlənməsinə və digər rayonların da təhlükə altına düşməsinə şərait yaratdı. Laçının itirilməsi Azərbaycan xalqı üçün böyük faciəyə çevrildi. Minlərlə ailə öz evini, torpağını, təsərrüfatını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldı. İnsanlar bir gecənin içində qaçqın və məcburi köçkün vəziyyətinə düşdülər. Doğma kəndlər, məktəblər, tarixi abidələr və insanların xatirələri düşmən işğalı altında qaldı. Ən ağrılı məqamlardan biri də ondan ibarət idi ki, Laçının işğalı zamanı rayonun müdafiəsi lazımi səviyyədə təşkil edilməmişdi. Hərbi və siyasi rəhbərlik arasında əlaqəsizlik, idarəetmədəki problemlər və bəzi qüvvələrin şəxsi siyasi maraqları ümumi işə ciddi zərbə vururdu. Azərbaycan torpaqlarının taleyi həll olunduğu bir vaxtda dövlət maraqlarının arxa plana keçirilməsi xalqın yaddaşında haqlı narazılıq yaratdı.
Bu hadisələr göstərdi ki, dövlətin ən təhlükəli düşməni yalnız xarici qüvvələr olmur. Daxildə olan qarşıdurmalar, şəxsi maraqlar naminə dövlətçilik prinsiplərinin pozulması və siyasi ambisiyalar da ölkə üçün ciddi təhlükə yarada bilər. Azərbaycan o dövrdə məhz bu acı həqiqətlə üz-üzə qaldı.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

















