AZƏRBAYCAN TÜRK DÜNYASINDA VƏ MÜSƏLMAN ALƏMİNDƏ BÖYÜK NÜFUZA, HÖRMƏTƏ SAHİBDİR!
Cənab Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də böyük coğrafiyaları, mədəniyyətləri bir araya gətirən belə tədbirlərdən biridir. Azərbaycan bu gün beynəlxalq tədbirlərə tez-tez ev sahibliyi edən bir ölkədir. Bu xüsusiyyəti onu artıq dünyaya tanıdıb. Dünya mediası hər dəfə belə tədbirlər zamanı Azərbaycandan, onun çoxəsrlik tarixə, zəngin mədəniyyətə, coğrafiyaya malik olmasından bəhs etməklə ölkəmizin daha dərindən dünya ictimaiyyətinə tanıdılmasında böyük rol oynayır. Dövlət başçısı çıxışı zamanı bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini və çoxlu qonaqların bu konfransda iştirak etdiyini qeyd edərək bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası olduğunu vurğulayıb: Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir – XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli.
Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir. Ölkə rəhbərinin səsləndirdiyi fikirlər mahiyyət etibarilə yalnız dini liderlərlə görüş çərçivəsində qiymətləndirilə biləcək mesajlarla məhdudlaşmır. Çıxışda Azərbaycanın Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında yerləşən geosiyasi və mədəni mövqeyi, ölkənin regional əməkdaşlıqdakı rolu, Qarabağ münaqişəsindən sonrakı mərhələ və Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Bu baxımdan çıxışın əsas siyasi xəttini Azərbaycanı müxtəlif regional və sivilizasion platformalar arasında əlaqələndirici aktor kimi təqdim etmək cəhdi təşkil edir. Azərbaycanın İslam həmrəyliyinə münasibəti çıxışda konkret institusional və praktiki nümunələrlə əlaqələndirilir. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirlər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları və qarşıdakı İƏT Zirvə Görüşünə verilən əhəmiyyət Azərbaycanın özünü İslam dünyası daxilində fəal diplomatik platforma kimi təqdim etdiyini göstərir. Burada xüsusilə idman tədbirinin yalnız yarış deyil, həm də birlik rəmzi kimi təqdim olunması diqqət çəkir. Bu, Azərbaycanın yumşaq güc imkanlarından istifadə edərək müxtəlif müsəlman ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirmək xəttini ifadə edir. Bakıda dini liderlərin, Türk dünyasının nümayəndələrinin və Qafqaz dini icmalarının bir araya gəlməsi yalnız protokol xarakterli görüş deyil, Azərbaycanın özünü müxtəlif regional və mədəni platformalar arasında dialoq məkanı kimi təqdim etmək strategiyasının bir hissəsi kimi görünür. Çıxışın ümumi ruhunda regional sabitlik, qarşılıqlı hörmət, dini və mədəni irsin qorunması, suverenliyə hörmət və dialoq mexanizmlərinin gücləndirilməsi fikiri ön plana çıxdı.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev


















