image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864723884167636638_1200x630

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanda iqtisadi fəallığın artmasına da ciddi təsir göstərə bilər

image-legitimaz-810x90

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanda iqtisadi fəallığın artmasına da ciddi təsir göstərə bilər

Yeni logistika mərkəzlərinin, xidmət sahələrinin, ticarət obyektlərinin və digər müəssisələrin yaradılması üçün imkanlar genişlənəcək. Nəticədə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və əhalinin gəlirlərinin artması gözlənilir. Naxçıvanın turizm imkanlarının genişləndirilməsi üçün də yeni şərait yaranacaq. İnsanların daha rahat gediş-gəlişi regiona turist axınının artmasına müsbət təsir göstərə bilər. Zəngəzur dəhlizinin əhəmiyyəti Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi ilə də məhdudlaşmır. Bu marşrut Naxçıvanı daha geniş regional nəqliyyat sisteminin mühüm hissəsinə çevirə bilər. Naxçıvanın Türkiyə ilə birbaşa nəqliyyat bağlantısının güclənməsi isə Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafına xidmət edəcək. Eyni zamanda, bu marşrut Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin imkanlarının genişlənməsində mühüm rol oynaya bilər. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Naxçıvan və Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti yükdaşımaların daha sürətli və alternativ marşrutlarla həyata keçirilməsinə imkan yaradacaq. Bu isə Azərbaycanı və Naxçıvanı beynəlxalq tranzit baxımından daha əhəmiyyətli mövqeyə çıxara bilər. Dəhliz vasitəsilə ilkin mərhələdə 1,5 milyon tona, gələcəkdə isə 15 milyon tondan artıq yükün daşınmasının nəzərdə tutulması bu layihənin iqtisadi potensialının nə qədər böyük olduğunu göstərir. Yükdaşımaların artması Naxçıvanda logistika, nəqliyyat, anbar, xidmət və ticarət sahələrinin inkişafına təkan verə bilər. Bu sahələrin genişlənməsi isə yeni iş yerlərinin yaranmasına və yerli əhalinin məşğulluğunun artmasına səbəb olacaq.

Layihəyə beynəlxalq səviyyədə göstərilən maraq da Naxçıvanın gələcək nəqliyyat imkanlarının əhəmiyyətini artırır. Avropa İttifaqının layihəyə maraq göstərməsi, Avropa Yenidənqurma və İnkişaf Bankının Naxçıvan dəmir yollarının texniki-iqtisadi qiymətləndirilməsini aparması bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarının geniş olduğunu göstərir. Dəmir yolunun inkişafına investisiyaların cəlb edilməsi Naxçıvanın regional nəqliyyat sistemində mövqeyini daha da gücləndirə bilər.

Naxçıvanın qarşısında böyük imkanlar var. Dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi layihələr, enerji və nəqliyyat infrastrukturu üzrə görülən işlər, sənaye və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanla və region ölkələri ilə əlaqələrin gücləndirilməsi Naxçıvanın gələcək inkişafının möhkəm əsasını yaradır. Əsas məqsəd bu imkanlardan səmərəli istifadə etməklə Naxçıvanı daha güclü, müasir, təhlükəsiz və insanların rahat yaşadığı bir regiona çevirməkdir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki