“Zayed İnsan Qardaşlığı Mükafatı” çox böyük məna daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin ardıcıl və prinsipial sülh siyasətinə beynəlxalq miqyasda verilən yüksək dəyərin parlaq göstəricisidir. Bu nüfuzlu mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi, onilliklər boyu Qafqaz regionunda davam edən münaqişəyə son qoyan və humanitar fəsadları aradan qaldıran “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ilə birbaşa bağlıdır. Bu fakt Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin artıq dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini və dəstəkləndiyini təsdiqləyir.
2026-cı ilin laureatları dialoq, tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqi sahəsində tanınmış beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən müəyyən edilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsinin bu il Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh razılaşmasını seçməsi həmin sənədin mükafatın əsas missiyasını – qarşılıqlı etimadın, dialoqun və sülh mədəniyyətinin təşviqini tam şəkildə əks etdirdiyini göstərir. Sözügedən razılaşma qlobal sülhün möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ və əhəmiyyətli diplomatik nailiyyət kimi dəyərləndirilir.
Qeyd etmək lazımdır ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc birgəyaşayış prinsiplərinə töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunan ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata yalnız bəşəriyyət üçün müstəsna xidmətlər göstərmiş liderlər layiq görülür. Prezident cənab İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycanın qlobal sülh quruculuğunda artan rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində mükafatın təqdimolunma mərasimi keçirilib. Prezident cənab İlham Əliyev mərasimdə çıxış edərək, BƏƏ-nin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Şeyx Zayedin uzaqgörən siyasəti və strateji baxışı BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan ölkələrindən birinə çevirib. Prezident İlham Əliyev həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının əsasını qoyduğu inkişaf, tərəqqi və müasirlik xəttini uğurla davam etdirdiyini xüsusi vurğulayıb.
Bu gün Birləşmiş Ərəb Əmirlikləri öz tarixi köklərinə sadiq qalmaqla yanaşı, gələcəyə inamla irəliləyən, sülh və harmoniya şəraitində yaşayan cəmiyyət modeli baxımından bir çox dövlətlər üçün nümunə hesab olunur. Prezident cənab İlham Əliyev mərasimdə etdiyi çıxışda sülh sazişinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, ölkəmiz 30 ildən artıq müddətdə müharibə şəraitində yaşasa da, artıq uzun müddətdir ki, sülh dövrünə qədəm qoyub.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
























