Yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir
Müasir dövrdə enerji təhlükəsizliyi ilə yanaşı, enerji dayanıqlılığı və ətraf mühitin qorunması məsələləri də dövlətlərin iqtisadi siyasətində mühüm yer tutur. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji sistemlərinin şaxələndirilməsi və yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılması qlobal enerji gündəliyinin əsas istiqamətlərindəndir. Azərbaycan da bu prosesdə fəal iştirak edən ölkələrdən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz ənənəvi enerji resursları ilə zəngin dövlət olmaqla yanaşı, regionun mühüm yaşıl enerji istehsalçılarından və ixracatçılarından birinə çevrilmək istiqamətində inamlı addımlar atır.
Azərbaycanın yaşıl enerji siyasətinin əsas məqsədlərindən biri ölkənin zəngin bərpaolunan enerji potensialından səmərəli istifadə etmək, enerji istehsalında təmiz mənbələrin payını artırmaq və yeni enerji ixrac marşrutları formalaşdırmaqdır. Bu siyasət eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni texnologiyaların tətbiqinə və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasətində yeni mərhələ məhz bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə xarakterizə olunur. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, xüsusilə Xəzər dənizinin və Azərbaycanın geniş günəş-külək potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin gələcək enerji strategiyasının mühüm tərkib hissəsidir. Bu yanaşma Azərbaycanın enerji sektorunun yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də regional və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə xidmət etməsinə imkan yaradır.
Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığının ən mühüm istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi Xəzər regionunun yaşıl enerji potensialının vahid enerji sistemində birləşdirilməsi baxımından böyük strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunması mühüm hadisə kimi qiymətləndirilə bilər.
Birgə müəssisənin yaradılmasının əsas məqsədi Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini əlaqələndirmək, bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin ixracı imkanlarını genişləndirmək və onun Xəzər dənizinin dibi ilə nəqli perspektivlərini reallaşdırmaqdır. Bu təşəbbüs Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji potensiallarının qarşılıqlı şəkildə tamamlanmasına, yaşıl enerjinin istehsalından istehlak bazarlarına qədər vahid əməkdaşlıq mexanizminin formalaşdırılmasına şərait yaradır.
Azərbaycan üçün bu layihənin əhəmiyyəti xüsusilə böyükdür. Ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında yerləşən əlverişli coğrafi mövqeyi onu yaşıl enerjinin tranziti baxımından mühüm tərəfdaşa çevirir. Azərbaycan uzun illər ərzində neft və təbii qaz ixrac edən etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. Hazırda isə ölkə öz enerji siyasətində yeni istiqamət müəyyənləşdirərək yaşıl enerjinin istehsalı və ixracında da aparıcı regional mövqe tutmağa çalışır.
Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi nəticəsində Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Avropa enerji bazarlarına çatdırılması üçün yeni imkanların yaranması nəzərdə tutulur. Bu, enerji ixracının coğrafiyasının genişləndirilməsi ilə yanaşı, Avropanın enerji keçidi və enerji təhlükəsizliyi məqsədlərinə də töhfə verə bilər.
Xəzər dənizinin dibi ilə elektrik enerjisinin nəqli ideyası region üçün yeni və perspektivli əməkdaşlıq modelidir. Belə bir infrastrukturun yaradılması Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji körpüsünə çevirə bilər. Eyni zamanda, layihə Xəzər hövzəsində yerləşən ölkələrin bərpaolunan enerji potensialından daha səmərəli istifadə edilməsinə və bu potensialın beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək.
Bu təşəbbüsün digər mühüm tərəfi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın iqtisadi və enerji ölçüsünün daha da güclənməsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi nəqliyyat, logistika, investisiya və texnologiya sahələrində də yeni imkanlar yarada bilər. Beləliklə, yaşıl enerji layihəsi yalnız elektrik enerjisinin ötürülməsi ilə məhdudlaşmır, bütövlükdə regionun iqtisadi inteqrasiyasına xidmət edən genişmiqyaslı əməkdaşlıq platformasına çevrilə bilər.
Prezident cənab İlham Əliyevin siyasətində Azərbaycanın beynəlxalq enerji layihələrində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi xüsusi yer tutur. Ənənəvi enerji layihələri ilə yanaşı, yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi ölkəmizin enerji strategiyasının zamanın tələblərinə uyğun şəkildə yeniləndiyini göstərir. Azərbaycanın enerji sektorunda əldə etdiyi təcrübə, güclü infrastruktur və beynəlxalq tərəfdaşlıq əlaqələri yaşıl enerji sahəsində yeni layihələrin reallaşdırılması üçün mühüm baza yaradır.
Azərbaycanın bərpaolunan enerji potensialının geniş olması da bu siyasətin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı, ölkənin müxtəlif regionlarında günəş enerjisindən istifadə imkanları və digər bərpaolunan mənbələr gələcəkdə böyük həcmdə təmiz elektrik enerjisinin istehsalına imkan verə bilər. Bu potensialın iqtisadi dövriyyəyə cəlb olunması Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini yeni məzmunla zənginləşdirəcək.
Yaşıl enerji layihələrinin inkişafı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa-quruculuq siyasəti ilə də uzlaşır. Bu ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi, günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi Azərbaycanın azkarbonlu inkişaf modelinə keçid istiqamətində atdığı addımların göstəricisidir. Bu siyasət ölkənin müxtəlif regionlarında ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına və enerji sisteminin daha dayanıqlı qurulmasına imkan verir.
Azərbaycanın yaşıl enerji sahəsində təşəbbüsləri beynəlxalq səviyyədə də ölkəmizin nüfuzunu artırır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və iqlim gündəliyində fəal mövqe nümayiş etdirməsi ölkənin yaşıl keçid məsələlərinə verdiyi əhəmiyyətin göstəricilərindən biridir. Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi kimi layihələr yalnız iqtisadi deyil, həm də ekoloji və geosiyasi əhəmiyyət daşıyır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas nəticələrindən biri Azərbaycanın enerji xəritəsində yeni mövqeyinin formalaşmasıdır. Azərbaycan artıq yalnız ənənəvi enerji resurslarının ixracatçısı deyil, həm də gələcəyin enerji sistemi üçün mühüm əhəmiyyət daşıyan yaşıl enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Qarşıdakı illərdə bərpaolunan enerji istehsalının artırılması, beynəlxalq enerji dəhlizlərinin genişləndirilməsi və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın regional enerji siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.
Zərdab rayon Heydər Əliyev Mərəkəzinin əməkdaşı Xanım İmanova























