Xocavəndin bərpası və inkişafında Prezident İlham Əliyevin səfərləri
Xocavənd rayonu işğaldan azad edildikdən sonra burada həyata keçirilən bərpa və quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Prezident İlham Əliyevin Xocavəndə mütəmadi səfərləri rayonun gələcək inkişafının müəyyənləşdirilməsi, yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Xocavəndə ilk səfərlərindən biri 14 yanvar 2021-ci ildə Böyük Tağlar kəndinə olmuşdur. Sonrakı səfərlərdə Edilli və Düdükçü kəndləri, Hadrut qəsəbəsi, Tuğ və Azıx kəndləri ziyarət edilmiş, tarixi və mədəni irs nümunələri ilə tanışlıq keçirilmişdir. 15 mart 2021-ci ildə Hadrut qəsəbəsində Azərbaycan Dövlət Bayrağı ucaldılmış, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun təməli qoyulmuşdur. Həmin səfər zamanı Hünərli və Tuğ kəndlərində qədim Alban məbədlərinə, Tuğda dağıdılmış məktəb binasına və Azıx mağarasına baxış keçirilmişdir.
2023-cü il mayın 5-də Prezident İlham Əliyevin Xocavəndə səfəri zamanı Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməli qoyulmuş, Hadrut qəsəbəsində yaşayış və sosial infrastruktur layihələri ilə tanışlıq keçirilmişdir. Həmçinin Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsi istifadəyə verilmiş, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi açılmışdır.
2023-cü il sentyabr hadisələrindən sonra Xocavənd şəhərinin və rayonun digər yaşayış məntəqələrinin inkişafında yeni mərhələ başlanmışdır. Oktyabrın 15-də Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq şəhərin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Sonrakı dövrdə rayonun yaşayış məntəqələrində bərpa və quruculuq layihələri genişləndirilmişdir.
2025-ci il sentyabrın 14-də Hadrut qəsəbəsinə səfər zamanı görülən işlərlə tanışlıq keçirilmiş, yeni inşa edilmiş məscidin açılışı olmuş, Qırmızı Bazar və Sos kəndinə səfərlər edilmiş və sakinlərlə görüş keçirilmişdir. Həmin dövrə qədər Hadrutda elektrik, qaz, su və yol infrastrukturu üzrə mühüm işlər görülmüş, yaşayış və sosial obyektlərin yaradılması istiqamətində layihələr icra edilmişdir. Hadrut məscidinin təməli isə 2021-ci ildə qoyulmuşdu.
2026-cı ildə Prezidentin Xocavəndə səfərləri rayonun yaşayış məntəqələrinə qayıdış və bərpa prosesinin davam etdirildiyini göstərir. Fevralın 25-də Xocavənd şəhərində və Xocavənd kəndində görülən işlərlə tanışlıq keçirilmiş, sakinlərlə görüş olmuşdur. Həmin vaxt Xocavənd şəhərinə artıq 50 ailə – 194 nəfər, rayonun digər yaşayış məntəqələri ilə birlikdə isə 355 ailə – 1485 nəfər qayıtmışdı.
Martın 18-də Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə bağlı işlərə baxış keçirilmişdir. Kənddə 153 fərdi evin bərpası nəzərdə tutulmuş, ilkin mərhələdə 25 ailə – 114 nəfər kəndə qayıtmışdır. İyulun 11-də isə Quzeyxırman kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə görülən işlərlə tanışlıq keçirilmiş, Quzeyxırman və Güneyxırman kəndlərinə qayıdan sakinlərlə görüş olmuşdur.
Prezident İlham Əliyevin Xocavəndə səfərləri rayonun bərpa və inkişaf prosesinin müxtəlif mərhələlərini əhatə edir. Bu səfərlər zamanı yol və enerji infrastrukturunun qurulması, yaşayış və sosial obyektlərin yaradılması, tarixi-mədəni irsin qorunması, təhlükəsizliyin təmin edilməsi və əhalinin doğma yaşayış məntəqələrinə qayıdışı ilə bağlı layihələr diqqət mərkəzində olmuşdur. Xocavənddə həyata keçirilən işlər Böyük Qayıdış çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində davam etdirilir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
























