image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-702813095_1534262634720176_7546166293268585409_n

WUF13 çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma siyasəti də xüsusi maraq doğurdu

image-legitimaz-810x90

WUF13 çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma siyasəti də xüsusi maraq doğurdu

 

Müasir şəhərsalma siyasətində tarixi irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, urbanizasiya yalnız yeni binaların tikilməsi və infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmamalıdır. Şəhərlər inkişaf etdikcə onların tarixi siması, milli memarlıq üslubu və mədəni yaddaşı qorunmalıdır. Azərbaycan məhz bu balansı qorumağa çalışan ölkələrdən biridir. Tarixi abidələrin bərpası, qədim şəhər mərkəzlərinin qorunması və milli memarlıq elementlərinin müasir layihələrdə tətbiqi bunun bariz nümunəsidir.

WUF13 çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma siyasəti də xüsusi maraq doğurdu. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində həmin ərazilər tamamilə dağıdılıb, şəhərlər viran qoyulub. Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırılması dağıntıların miqyasını açıq şəkildə göstərir. Lakin Azərbaycan dövləti qısa müddət ərzində bu torpaqlarda genişmiqyaslı quruculuq proqramına start verib. Yeni yolların, tunellərin, körpülərin, məktəblərin, xəstəxanaların, elektrik stansiyalarının və beynəlxalq hava limanlarının tikilməsi Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini təsdiqləyir.

Azad olunmuş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycanın müasir texnologiyalara əsaslanan inkişaf modelini ortaya qoyur. Bu layihələr çərçivəsində alternativ enerji mənbələrinin tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, ekoloji balansın qorunması və dayanıqlı yaşayış mühitinin yaradılması əsas prioritetlərdən biridir. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji zonası” elan olunması da dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyev forumda çıxışı zamanı Bakının ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə də toxundu. Xüsusilə vaxtilə sənaye tullantıları ilə çirklənmiş “Qara şəhər” ərazisinin bu gün müasir “Ağ şəhər” layihəsinə çevrilməsi urbanizasiya və ekoloji yenilənmənin uğurlu nümunəsi kimi təqdim edildi. Müasir yaşayış kompleksləri, yaşıl zonalar, velosiped yolları, piyada məkanları və ekoloji cəhətdən təmiz nəqliyyat sistemi Bakı şəhərinin gələcək inkişaf konsepsiyasının əsas elementlərini təşkil edir.

Müasir şəhərsalma siyasətinin əsas məqsədi insan amilinə xidmət etməkdir. Şəhərlərin inkişafı insanların rifahının yüksəldilməsinə, rahat və təhlükəsiz yaşayış şəraitinin yaradılmasına xidmət etməlidir. Bu baxımdan Azərbaycan şəhərsalma siyasətində sosial rifah, məşğulluq, ekoloji təhlükəsizlik və mədəni irsin qorunması kimi mühüm prinsipləri prioritet istiqamət kimi müəyyən edib. İnsanların rahat yaşayışı üçün yaradılan yeni parklar, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri dövlətin sosialyönümlü siyasətinin mühüm göstəricilərindəndir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyində mühüm rol oynadığını göstərir. Bu forum vasitəsilə Azərbaycan öz inkişaf modelini, şəhərsalma təcrübəsini və postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı əldə edib. Eyni zamanda, tədbir dünya ölkələri ilə yeni əməkdaşlıq imkanlarının yaranmasına, müasir şəhərsalma təcrübələrinin öyrənilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə geniş şərait yaradır.

 

Nailə Əliyev – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki