image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bez-nazvaniya

Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan dili milli kimliyin və dövlətçiliyin əsas dayağı kimi

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan dili milli kimliyin və dövlətçiliyin əsas dayağı kimi

 

Azərbaycan xalqının milli varlığını, mənəvi irsini və dövlətçilik ənənələrini yaşadan ən mühüm dəyərlərdən biri ana dilidir. Ümummilli Lider Heydər Əliyevin siyasi irsində Azərbaycan dilinin qorunması və inkişafı yalnız mədəniyyət məsələsi deyil, həm də müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir. O, ana dilini xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi birliyini qoruyan müqəddəs sərvət hesab edir, dilə sevgi və ehtiramı vətəndaşlıq məsuliyyətinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirirdi.

Heydər Əliyev Azərbaycan dilini yalnız milli sərvət kimi deyil, beynəlxalq aləmdə tanınan və nüfuz qazanan bir dil kimi də qiymətləndirirdi. O vurğulayırdı ki, hər bir xalq başqa dillərə hörmətlə yanaşmalı, lakin ilk növbədə öz ana dili ilə fəxr etməlidir. Bu yanaşma milli özünüdərk hissini gücləndirməklə yanaşı, digər xalqların mədəniyyətinə qarşı qarşılıqlı hörmət prinsiplərini də özündə ehtiva edir.

Ümummilli Lider gənc nəslin milli ruhda formalaşmasında ana dilinin rolunu xüsusi önə çəkirdi. Onun “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” fikri bu gün də öz aktuallığını qoruyur. Bu yanaşma göstərir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşına, milli-mədəni irsinə və mənəvi köklərinə aparan ən etibarlı körpüdür. Ana dilinə sevgi gənclərdə vətənpərvərlik hissinin, milli mənsubiyyət şüurunun və dövlətçilik düşüncəsinin formalaşmasının mühüm şərtidir.

Heydər Əliyev Azərbaycan dilinin bədii zənginliyini və ifadə imkanlarını da yüksək qiymətləndirirdi. Onun fikrincə, Azərbaycan dili həyatın bütün sahələrinə aid ən incə duyğuları, elmi düşüncələri və ictimai-siyasi baxışları dolğun şəkildə ifadə etmək gücünə malikdir. Bu, dilimizin əsrlər boyu keçdiyi inkişaf yolunun, klassik ədəbi irsinin və xalq yaradıcılığının formalaşdırdığı zəngin mənəvi xəzinənin göstəricisidir.

Ulu Öndər eyni zamanda dili milli-mədəni dəyərlərin yaşadılmasının əsas vasitəsi hesab edirdi. Onun “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir” fikri Azərbaycan dövlətinin milli-mədəni siyasətinin əsas ideoloji prinsiplərindən birinə çevrilmişdir. Bu yanaşmaya əsasən, ana dilinin qorunması milli irsin, ədəbiyyatın, folklorun və ümumilikdə xalqın mənəvi sərvətlərinin gələcək nəsillərə ötürülməsinin başlıca təminatıdır.

Türk dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın ortaq dil və mədəniyyət məkanındakı roluna da xüsusi diqqət yetirən Heydər Əliyev türkdilli dövlətlər arasında dil birliyinin qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm amil olduğunu vurğulayırdı. Onun fikrincə, ortaq tarixi və mədəni köklərə malik xalqlar arasında dil yaxınlığı həm humanitar əlaqələrin, həm də siyasi, iqtisadi və mədəni inteqrasiyanın genişlənməsinə xidmət edir.

Bu gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmlənməsi, onun beynəlxalq nüfuzunun artması və cəmiyyətin bütün sahələrində geniş tətbiq olunması Ümummilli Lider Heydər Əliyevin ana dilinə verdiyi yüksək dəyərin və uzaqgörən siyasətinin real nəticəsidir. Onun dil haqqında irəli sürdüyü ideyalar milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycançılıq məfkurəsinin inkişafı və müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından bu gün də öz əhəmiyyətini qorumaqda davam edir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki