Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Bu dilin dövlət dili kimi Konstitusiyada təsbit olunması isə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində mümkün olmuş tarixi qərarlardan biridir. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında məhz onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası öz əksini tapdı. Bu addım həmin dövrün mürəkkəb siyasi şəraitində milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində böyük cəsarət nümunəsi idi.Heydər Əliyev Azərbaycan dilinin inkişafını yalnız hüquqi müstəvidə deyil, milli ədəbiyyatın və mədəniyyətin qorunması ilə də sıx əlaqələndirirdi. O, görkəmli yazıçı və şairlərin irsinin təbliğinə xüsusi diqqət yetirmiş, repressiya qurbanı olmuş böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilərək Naxçıvanda məqbərəsinin ucaldılmasına nail olmuşdur. Bu addım təkcə bir sənətkarın xatirəsinə ehtiram deyil, həm də Azərbaycan ədəbiyyatına və milli-mənəvi irsimizə verilən yüksək dəyərin ifadəsi idi. Müstəqillik illərində də Heydər Əliyev Azərbaycan dilinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirdi və ana dilimizin nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr verdi. Bu gün Azərbaycan dili dövlətimizin rəsmi dili, xalqımızın birlik və həmrəyliyinin əsas rəmzlərindən biridir. Dilimizin, ədəbiyyatımızın və milli-mədəni irsimizin qorunması istiqamətində atılan bu mühüm addımlar Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin nəticəsidir və gələcək nəsillər üçün qiymətli bir miras olaraq yaşayacaqdır Bu gün hər bir azərbaycanlı dövlət dilimizi qorumağı və gələcək nəsillərə saf şəkildə ötürməyi özünün vətəndaşlıq borcu hesab etməlidir.
Kamal Xəlilov – Zərdab Gənclər evi SXM, Dərnək rəhbəri





















