image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

 

Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin, zəngin ədəbi irsinin və dövlətçilik ənənələrinin əsas daşıyıcısıdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili ciddi təzyiqlərlə üzləşsə də, xalqımız öz ana dilini qoruyub yaşatmağı bacarmışdır. XX əsrin ikinci yarısında isə Azərbaycan dilinin hüquqi statusunun qorunması və dövlət dili kimi təsbit edilməsi istiqamətində ən mühüm tarixi xidmət Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Onun uzaqgörən siyasi fəaliyyəti, milli maraqlara əsaslanan qətiyyətli mövqeyi və yüksək dövlətçilik təfəkkürü nəticəsində Azərbaycan dili Sovet ideoloji sisteminin sərt çərçivələri daxilində belə dövlət dili statusunu əldə etmişdir. 1970-ci illərin ikinci yarısında SSRİ-də yeni konstitusiyaların hazırlanması prosesi gedirdi. 1977-ci ildə SSRİ Konstitusiyası qəbul edildikdən sonra ittifaq respublikalarında da yeni konstitusiyaların hazırlanmasına başlanıldı. Həmin dövrdə mərkəzi hakimiyyət rus dilinin ümumittifaq məkanında mövqeyini daha da möhkəmləndirməyə çalışır, respublikaların dövlət dili məsələsinə ehtiyatla yanaşırdı. Belə bir siyasi şəraitdə milli dillərin dövlət dili kimi Konstitusiyada təsbit olunması asan məsələ deyildi və böyük siyasi iradə tələb edirdi. Azərbaycan SSR-də də yeni Konstitusiya layihəsi hazırlanarkən dövlət dili məsələsi ən mühüm və prinsipial mövzulardan biri idi. 1978-ci il 2 aprel tarixində IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyası layihəsinə həsr olunmuş yeddinci sessiyasında respublikanın rəhbəri Heydər Əliyev geniş məruzə ilə çıxış etdi. Məruzəsində o, layihənin əsas müddəalarını şərh etməklə yanaşı, Azərbaycan xalqının milli maraqlarını əks etdirən mühüm təkliflər irəli sürdü. Sessiyada Heydər Əliyev Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul edilməsini təklif etdi:

“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu müddəanın Konstitusiyada öz əksini tapması Sovet İttifaqının həmin dövr üçün mövcud siyasi reallıqları nəzərə alınarsa, son dərəcə mühüm tarixi hadisə idi. Çünki həmin illərdə ittifaq respublikalarının bir çoxunda dövlət dili məsələsi ya ümumiyyətlə Konstitusiyada əks olunmur, ya da bu məsələyə xüsusi əhəmiyyət verilmirdi. Heydər Əliyev isə böyük siyasi qətiyyət göstərərək Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsinə nail oldu. 1978-ci il 21 aprel tarixində qəbul edilən Azərbaycan SSR Konstitusiyasında 73-cü maddə ilə Azərbaycan dili dövlət dili elan edildi. Bu qərar milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm dönüş nöqtəsi oldu. Həmin addım yalnız hüquqi norma deyil, həm də milli özünüdərk hissinin gücləndirilməsinə, Azərbaycan xalqının ana dilinə bağlılığının daha da möhkəmlənməsinə xidmət edən tarixi qərar idi. Heydər Əliyev ana dilini xalqın milli varlığının əsas atributlarından biri hesab edirdi. O, dəfələrlə bildirirdi ki, dil xalqın mənəvi sərvətidir və bu sərvətin qorunması dövlətin və hər bir vətəndaşın müqəddəs borcudur. Onun rəhbərliyi dövründə Azərbaycan dilində təhsilin inkişafına, milli ədəbiyyatın nəşrinə, teatrın, mədəniyyətin və mətbuatın inkişafına xüsusi diqqət yetirilirdi. Azərbaycan dilində dərsliklərin hazırlanması, elmi əsərlərin nəşri, televiziya və radio proqramlarının genişləndirilməsi də məhz həmin siyasətin tərkib hissəsi idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət dili siyasətini daha da inkişaf etdirdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bununla dövlət dili məsələsi artıq müstəqil Azərbaycanın əsas qanununda ən yüksək hüquqi təminatını aldı. Heydər Əliyev bununla kifayətlənməyərək dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl hüquqi tədbirlər həyata keçirdi. 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, mətbuatda və digər sahələrdə istifadəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin il latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin olundu və bu, milli dil siyasətində yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edildi. Bu qərar Azərbaycan dilinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın və ana dilimizin inkişafına verilən önəmin parlaq ifadəsi oldu. Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, xalqı xalq edən onun ana dilidir. Bu baxımdan Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Onun müəyyən etdiyi dil siyasəti nəticəsində Azərbaycan dili müstəqil dövlətimizin əsas rəmzlərindən birinə çevrilmiş, beynəlxalq səviyyədə nüfuzu yüksəlmişdir. Bu gün Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderin müəyyən etdiyi dövlət dili siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin saflığının qorunması, informasiya məkanında düzgün istifadəsinin təmin olunması, rəqəmsal mühitdə inkişafı və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tarixi faktlar bir daha sübut edir ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanmasında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Xüsusilə 1978-ci il 2 aprel tarixində Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında nümayiş etdirdiyi prinsipial mövqe və Konstitusiyanın 73-cü maddəsinin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyasında qəbul olunmasına nail olması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu cəsarətli addım sonradan müstəqil Azərbaycan Respublikasında dövlət dili siyasətinin formalaşmasına möhkəm hüquqi və mənəvi zəmin yaratmış, Azərbaycan dilinin dövlətçilik atributu kimi inkişafını təmin etmişdir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Hüseynova Yasəmən Ədalət qızı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki