Ümumdünya Şəhərsalma Forumu Bakının beynəlxalq tədbirlər mərkəzi kimi artan rolunu bir daha nümayiş etdirdi
Ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu, müasir inkişaf modelini və dayanıqlı şəhərsalma siyasətini dünyaya təqdim edən mühüm qlobal platformaya çevrilib. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, urbanizasiya və memarlıq sahəsində tanınmış ekspertlərin iştirak etdiyi bu Forum yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu tədbir deyil, həm də bəşəriyyətin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq dialoq məkanıdır. Forum çərçivəsində urbanizasiya, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, müasir memarlıq, sosial rifah və insanların yaşayış keyfiyyətinin yüksəldilməsi kimi məsələlər geniş müzakirə olunur. Bu baxımdan Bakı şəhərinin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin güclənməsinin növbəti təsdiqidir.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı isə Azərbaycanın şəhərsalma siyasətinin strateji mahiyyətini, milli-mədəni irsə münasibətini və müasir inkişaf konsepsiyasını əhatə edən mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq bildirdi ki, bu xüsusiyyət ölkənin memarlıq ənənələrində və şəhərsalma mədəniyyətində də özünü aydın şəkildə göstərir. Qədim tarixi irslə müasir inkişaf arasında qurulan harmonik vəhdət Azərbaycanın şəhərsalma modelinin əsas xüsusiyyətlərindən biridir.
Ümumdünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini və Bakının beynəlxalq tədbirlər mərkəzi kimi artan rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, WUF13 ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş, təhlükəsiz ölkə və beynəlxalq əməkdaşlıq üçün əlverişli məkan kimi qəbul edildiyini göstərir. Son illər ərzində Bakı şəhəri beynəlxalq siyasi, iqtisadi, humanitar və idman tədbirlərinin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsinə də geniş toxunub. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənləri xalqımızın yüksək şəhərsalma və memarlıq mədəniyyətinə malik olduğunu sübut edir. Şamaxı Cümə məscidi, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkinin tarixi memarlıq abidələri və Lahıcın əsrlər əvvəl yaradılmış mühəndis-kommunikasiya sistemi xalqımızın qədim şəhərsalma ənənələrinin nadir nümunələridir. Bu irs təkcə Azərbaycan xalqının deyil, bütövlükdə dünya mədəniyyətinin dəyərli hissəsidir. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, Azərbaycan xalqı yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq nümunələrində əks olunan qədim tarixi ilə fəxr edir.
Dövlət başçısı çıxışında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini də xüsusi qeyd edib. Bu qərar Azərbaycanda şəhərsalma siyasətinin dövlət prioritetlərindən biri olduğunu göstərir. Eyni zamanda BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

























