Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal əməkdaşlığın və qarşılıqlı anlaşmanın mühüm platformasıdır
Müasir dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və müxtəlif sivilizasiyalar arasında əməkdaşlığın genişləndirilməsi beynəlxalq gündəliyin aktual məsələlərindəndir. Qloballaşma proseslərinin sürətləndiyi, müxtəlif mədəniyyətlərin və dünyagörüşlərinin daha sıx qarşılıqlı əlaqədə olduğu bir dövrdə dialoq, qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əməkdaşlığın inkişafına, qlobal problemlərin müzakirəsinə və ortaq həll yollarının axtarışına töhfə verən mühüm platformalardan biri kimi çıxış edir. Forumun əsas məqsədi müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı gücləndirmək, dialoq mühitini genişləndirmək və bəşəriyyəti narahat edən məsələlərin həllində birgə fəaliyyət imkanlarını araşdırmaqdır. Müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, alimlərin, ekspertlərin, ictimai xadimlərin və mədəniyyət nümayəndələrinin iştirakı forumun əhatə dairəsini və beynəlxalq əhəmiyyətini artırır.
Forumun iştirakçı sayının və coğrafiyasının genişlənməsi bu təşəbbüsə beynəlxalq səviyyədə göstərilən marağın mühüm göstəricisidir. Təqdim olunan məlumata əsasən, qeydiyyatdan keçmiş iştirakçıların sayı 2000-i ötüb, 100-dən artıq ölkədən 500-dən çox qonaq tədbirə qatılıb. Bu rəqəmlər müxtəlif ölkələrin nümayəndələrinin mədəniyyətlərarası münasibətlərin inkişafı və qlobal çağırışların müzakirəsi üçün ortaq platformada bir araya gəlməsinin əhəmiyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və əlaqəli məsələləri müzakirə etmək, qlobal gündəlikdə duran təxirəsalınmaz problemlərə diqqət yetirmək baxımından səmərəli və əhatəli platformalardan birinə çevrilib. Bu yanaşma forumun yalnız fikir mübadiləsi aparılan tədbir olmadığını, eyni zamanda, beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradan təşəbbüs olduğunu göstərir.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc























