Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi
XX əsrin sonlarında Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər, daxili qarşıdurmalar və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövlətimizin gələcəyini ciddi təhlükə altında qoymuşdu. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarına çevrildi.
1993-cü ildə ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Dövlət idarəçiliyində ciddi boşluqlar mövcud idi və ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir şəraitdə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev xalqın etimadını doğruldaraq ölkədə sabitliyi təmin etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmək idi. Onun rəhbərliyi ilə qəbul olunan 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın hüquqi və demokratik inkişafının əsasını qoydu. Eyni zamanda, ölkədə demokratik institutların formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görüldü.
Ulu Öndərin neft strategiyası Azərbaycanın gələcək inkişafında xüsusi rol oynadı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi və ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına şərait yaratdı. Bu uğurlu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, iqtisadi və siyasi baxımdan regionun lider dövlətinə çevrilmişdir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial rifah yüksəlmiş, müasir ordu quruculuğu təmin edilmiş və beynəlxalq nüfuzumuz daha da artmışdır.
Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi oldu. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Qələbə həm də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin təntənəsi idi.
Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın gələcək inkişafını təmin edir. Dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Bununla yanaşı, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və xalqına bağlılığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirərək ölkəmizi yeni zirvələrə aparır. Azərbaycanın müstəqilliyi, sabitliyi və inkişafı məhz bu uğurlu siyasi kursun nəticəsidir.
Начало формы
Конец формы
Zərdab şəhər sakini Cavid Məmmədov


















