image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6tygbejtxn_038_

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinin əsasının qoyulması

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinin əsasının qoyulması

1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlməsi respublikamızın ictimai-siyasi, iqtisadi, elm, təhsil və mədəni həyatında olduğu kimi, hərbi sahədə də yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Həmin dövrdə Azərbaycanlıların keçmiş Sovet İttifaqının hərbi idarəetmə sistemində, ali hərbi məktəblərində və zabit korpusunda təmsilçiliyi olduqca aşağı səviyyədə idi. Milli hərbi kadrların çatışmazlığı gələcək üçün ciddi problem hesab olunurdu. Ulu Öndər Heydər Əliyev bu məsələni vaxtında qiymətləndirərək Azərbaycanın gələcək təhlükəsizliyinin və müdafiə potensialının peşəkar milli hərbi kadrların hazırlanmasından asılı olduğunu uzaqgörənliklə müəyyənləşdirdi. Heydər Əliyev yaxşı anlayırdı ki, hər bir xalqın güclü ordusunun formalaşmasının əsasında peşəkar zabit korpusu dayanır. Məhz buna görə də o, Sovet dövrünün mövcud məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan gənclərinin hərbi təhsil almasına və yüksək ixtisaslı zabit kimi yetişməsinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə respublikada hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərin hərbi peşəyə marağının artırılması və onların nüfuzlu hərbi təhsil müəssisələrinə qəbul olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Bu siyasətin ən mühüm nəticələrindən biri 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Həmin dövrdə belə bir təhsil müəssisəsinin açılması asan məsələ deyildi. Ulu Öndər Heydər Əliyev şəxsi nüfuzundan və siyasi iradəsindən istifadə edərək bu ideyanın həyata keçirilməsinə nail oldu. Məktəbin yaradılması Azərbaycanda milli hərbi kadr hazırlığı sisteminin təməl daşına çevrildi. Burada təhsil alan minlərlə gənc sonralar keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alaraq peşəkar zabit kimi formalaşdı və müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunda mühüm rol oynadı. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının Moskva, Leninqrad, Kiyev, Minsk, Odessa, Novosibirsk və digər şəhərlərində fəaliyyət göstərən nüfuzlu ali hərbi məktəblərə göndərilirdi. Bu gənclər müxtəlif qoşun növləri üzrə ixtisaslaşaraq müasir hərbi biliklərə yiyələnir, idarəetmə və komandanlıq bacarıqları əldə edirdilər. Sonrakı dövrdə onların böyük əksəriyyəti Azərbaycan Ordusunun formalaşmasında, hərbi hissələrin yaradılmasında və zabit korpusunun təşəkkülündə mühüm xidmətlər göstərdilər. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində SSRİ-nin süqutu fonunda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran ən mühüm vəzifələrdən biri milli ordunun yaradılması idi. Həmin dövrdə ordunun əsas kadr potensialını məhz Heydər Əliyevin rəhbərliyi illərində yetişdirilmiş zabitlər təşkil edirdi. Bu fakt bir daha sübut edir ki, Ulu Öndərin hələ sovet dövründə həyata keçirdiyi siyasət gələcək müstəqil dövlətin təhlükəsizlik maraqlarına hesablanmış strateji addım idi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Onun rəhbərliyi altında Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğuna başlanıldı, hərbi təhsil sistemi daha da təkmilləşdirildi. Ulu Öndərin müəyyən etdiyi strateji xətt sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycanın güclü və peşəkar ordusunun formalaşması, yüksək hazırlıqlı zabit korpusunun mövcudluğu, müasir hərbi təhsil sisteminin inkişafı və Silahlı Qüvvələrimizin qazandığı möhtəşəm uğurların təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı əldə olunan möhtəşəm Qələbə bir daha göstərdi ki, vaxtilə milli hərbi kadrların hazırlanmasına yönəlmiş strateji addımlar Azərbaycanın hərbi qüdrətinin formalaşmasında həlledici rol oynamışdır. Buna görə də Heydər Əliyevin 1969-cu ildən etibarən həyata keçirdiyi hərbi kadr siyasəti təkcə sovet dövrünün deyil, həm də müstəqil Azərbaycanın ordu quruculuğu tarixinin ən mühüm və uzaqgörən dövlətçilik qərarlarından biri kimi qiymətləndirilir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil  məktəbin müəllimi  Xəlilova Rəhilə Cəbrayıl qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki