image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-63daa9f2-b13c-4b63-8eba-1d146615792d

Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycanın inkişaf yolu

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycanın inkişaf yolu

 

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında mühüm vəzifələr dayanırdı. Bu vəzifələr sırasında müstəqilliyin qorunub saxlanılması, uğurlu inkişaf üçün möhkəm təməllərin qurulması, beynəlxalq əlaqələrin təmin olunması, həmçinin digər mühüm istiqamətlər üzrə zəruri addımların atılması xüsusi əhəmiyyət daşıyırdı. Lakin həmin dövrdə idarəetmədə mövcud olan ciddi problemlər, hakimiyyət uğrunda qarşıdurmalar, ictimai-siyasi xaos və dərinləşən iqtisadi çətinliklər nəinki ölkənin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə mane olur, eyni zamanda, yenicə bərpa edilmiş dövlət müstəqilliyini də ciddi sınaq qarşısında qoyurdu. Belə bir taleyüklü mərhələdə xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında mühüm dönüş nöqtəsi olmaqla, gənc respublikanı parçalanmaq təhlühəsindən xilas etdi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın Ulu Öndərə olan böyük inam və etimadının ifadəsi olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində Ulu Öndər qarşıdakı fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirərək Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və xalqın rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca məqsədləri kimi diqqətə çatdırdı. Dahi rəhbər andiçmə mərasimindəki nitqində “Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağam” deyərək, dövlət idarəçiliyində milli-mənəvi dəyərlərə bağlılığını və xalqa xidmət prinsipini aydın şəkildə ifadə etdi. Mərasimdə Ulu Öndərin səsləndirdiyi fikirlər, eyni zamanda, ölkənin qarşısında duran mürəkkəb vəzifələrin həlli, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasətin əsasını təşkil etdi. Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləri yalnız Prezident seçkisinin nəticəsi deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm hadisə kimi tarixə yazıldı, qısa zaman kəsiyində icra olunan tədbirlər və qəbul edilən qərarlar uğurlu inkişafı şərtləndirdi. Qarşıya qoyulmuş məqsədlərin reallaşmasında əsas istiqamətlərindən biri də ölkənin iqtisadi potensialının gücləndirilməsi, enerji resurslarından səmərəli istifadə olunması və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi idi. Bu baxımdan, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” əhəmiyyətli hadisə olmaqla yanaşı, ölkənin sonrakı sosial-iqtisadi inkişafı üçün əlverişli imkanların formalaşmasına mühüm zəmin yaratdı. İqtisadi sahədə əldə olunan nəticələrlə yanaşı, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi üçün siyasi və hüquqi əsasların formalaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirildi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından əsas mərhələni təşkil etdi. Konstitusiyada dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqları, dövlətin əsas prinsipləri öz əksini tapdı. Dövlət quruculuğunun mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi və milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsinin təmin olunması idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici dövlətlərlə siyasi, iqtisadi və diplomatik əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi Azərbaycanın müstəqil xarici siyasət kursunun formalaşmasına yeni imkanlar açdı. Bu proseslərlə yanaşı, azərbaycançılıq ideologiyasının ön plana çəkilməsi milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə dayaq olmaqla yanaşı, xalqın tarixi yaddaşının və milli kimliyinin gücləndirilməsində mənəvi-siyasi amilə çevrildi. Azərbaycançılıq ideologiyası cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verməklə, dövlət müstəqilliyinə sədaqəti, milli həmrəyliyi, ümumi milli dəyərlərə bağlılığı və vətənə sevgini özündə birləşdirən mühüm ideoloji-mənəvi dəyər sistemi kimi formalaşdı. Müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi irsi hazırda Prezident cənab İlham Əliyevin liderliyi ilə yeni məzmun və miqyas qazanaraq Azərbaycanın davamlı inkişafının mühüm əsaslarını təşkil edir. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, müasir infrastrukturun formalaşdırılması və dövlət institutlarının inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən, iqtisadi və siyasi imkanlarını davamlı şəkildə genişləndirən, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən və qarşıya qoyduğu strateji məqsədləri ardıcıl şəkildə reallaşdıran güclü dövlətə çevirib. 2020-ci ildə Vətən müharibəsi nəticəsində tarixi ədalətin bərpa edilərək ərazilərimizin böyük hissəsinin işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası illər ərzində həyata keçirilmiş məqsədyönlü və ardıcıl siyasətin, güclü dövlətçilik ənənələrinin və milli maraqlara əsaslanan strateji yanaşmanın məntiqi nəticəsi oldu. Bu tarixi nailiyyətlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yanaşı, ölkənin qarşısında yeni inkişaf mərhələsinin başlanması üçün də mühüm imkanlar yaratdı. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini və Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə inamla nail olduğunu göstərir.

 

İlkin Əliyev,

YAP Zərdab rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki