Ulu Öndər Heydər Əliyev və Azərbaycan Ordusunun İnkişafında Tarixi Xidmətləri
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış, ölkənin siyasi, iqtisadi və hərbi qüdrətinin formalaşmasına böyük töhfələr vermişdir. Onun rəhbərliyi dövründə hərbi sahəyə xüsusi diqqət yetirilmiş, gənclərin hərbi təhsil almasına geniş imkanlar yaradılmışdır. Bu siyasətin nəticəsi olaraq yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almaq imkanı əldə etmiş, sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynamışdır.
Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğunun əsasları möhkəmləndirildi, döyüş qabiliyyətinin artırılması üçün mühüm addımlar atıldı. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası sonrakı dövrlərdə də uğurla davam etdirildi. Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olundu, şəxsi heyətin peşəkarlığı artırıldı, beynəlxalq standartlara uyğun hərbi hazırlıq sistemi formalaşdırıldı. Bu siyasətin nəticələri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında özünü aydın şəkildə göstərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun əldə etdiyi uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və ordu quruculuğuna verdiyi xüsusi önəm dayanır. Onun müəyyən etdiyi strateji xətt Azərbaycanın hərbi gücünün davamlı inkişafına xidmət edir və gələcək nəsillər üçün möhkəm əsas yaradır.
Zərdab şəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova




















