image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783753980_1752944321153109217_1200x630

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

image-legitimaz-810x90

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

 

Müasir dövrdə dövlətlər arasında qurulan münasibətlərin əsasını qarşılıqlı maraqlar, etimad və əməkdaşlıq təşkil edir. Lakin Azərbaycan ilə Türkiyə arasında mövcud olan əlaqələr bu anlayışlardan daha yüksək məna daşıyır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, dil birliyinə, mədəni yaxınlığa və qardaşlığa söykənir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə Türkiyə ilə strateji müttəfiqlik xüsusi yer tutur və bu siyasət iki qardaş ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycana verilə biləcək ən doğru mesaj dostluq və qardaşlıqdır. Bu fikir təsadüfi deyil. Çünki dünya dövlətləri arasında bu qədər səmimi, etibarlı və hərtərəfli əməkdaşlıq nümunəsi çox azdır. Azərbaycan və Türkiyə təkcə strateji tərəfdaş deyil, həm də hər zaman bir-birinin yanında olan, sevincli və çətin günləri birlikdə bölüşən qardaş dövlətlərdir.

Bu münasibətlərin ideoloji əsası Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamı ilə müəyyən edilmişdir. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu siyasi xətti uğurla davam etdirərək Azərbaycan–Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmişlər. Bu gün iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrin hamısını əhatə edir.

Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birinin haqq işini müdafiə edir. Hər iki dövlət suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqedən çıxış edir. Bu qarşılıqlı dəstək beynəlxalq aləmdə hər iki ölkənin nüfuzunun artmasına mühüm töhfə verir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlığın səviyyəsinə nəzər saldıqda dünyada bir-birinə bu qədər yaxın, bir-birini bu qədər dəstəkləyən ikinci dövlət cütlüyünü tapmaq çətindir. Bu yaxınlıq yalnız rəsmi münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Türkiyə xalqları arasında əsrlərlə formalaşmış qardaşlıq münasibətləri bu gün də öz gücünü qoruyur. Xalqlar arasında qarşılıqlı sevgi və hörmət dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Enerji sahəsində həyata keçirilən nəhəng layihələr Azərbaycan–Türkiyə əməkdaşlığının uğurlu nəticələridir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihələr yalnız iqtisadi əhəmiyyət daşımır, həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Nəqliyyat sahəsində də iki ölkə arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas hissəsinə çevrilmişdir. Bu layihə regionun tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycan və Türkiyənin geostrateji əhəmiyyətini daha da yüksəltmişdir.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin tarixində mühüm mərhələ olmuşdur. Bu sənəd iki ölkə arasında münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmiş, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmişdir. Şuşa Bəyannaməsi həm də Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəddir.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək qardaşlığın ən parlaq nümunələrindən biri kimi tarixə düşmüşdür. Müharibədən sonrakı dövrdə də Türkiyə Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edir, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verir. Bu əməkdaşlıq regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan–Türkiyə münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə regionun təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edir. Birgə həyata keçirilən enerji və nəqliyyat layihələri, müdafiə sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyalar və humanitar əlaqələr strateji müttəfiqliyin möhkəm təməl üzərində qurulduğunu göstərir.

Bu gün Azərbaycan və Türkiyə birlikdə olduqda daha güclü olduqlarını əməli fəaliyyətləri ilə sübut edirlər. Bu birlik regionda sabitliyin qorunmasının, yeni iqtisadi imkanların yaradılmasının və beynəlxalq əməkdaşlığın genişlənməsinin əsas təminatlarından biridir. İki qardaş ölkənin həmrəyliyi gələcək nəsillər üçün də etibarlı inkişaf modeli kimi böyük əhəmiyyət daşıyır.

Bu qardaşlıq əlaqələri gələcəkdə də hər iki dövlətin milli maraqlarının qorunmasına və ortaq məqsədlərinin həyata keçirilməsinə xidmət edəcəkdir.

 

 

Zərdab şəhər sakini Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki