Türk Dünyasının İki Qardaş Dövləti Arasında Münasibətlərin İnkişaf Dinamikası
Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində nəzərəçarpacaq dinamika müşahidə olunur. Ölkəmizin regionun türkdilli dövlətləri, xüsusilə Türkmənistan ilə əlaqələri yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Tarixi, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkmənistan bu gün siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.
Azərbaycan və Türkmənistan xalqları ortaq etnik köklərə, zəngin mədəni irsə və əsrlər boyu formalaşmış tarixi ənənələrə malikdirlər. Dil, din və mənəvi dəyərlərin yaxınlığı iki xalq arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasına şərait yaratmışdır. Dövlət müstəqilliyinin bərpasından sonra bu əlaqələr yeni məzmun qazanaraq hərtərəfli əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulmuş və ötən dövr ərzində dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmiş, müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalanmışdır.
Xəzər hövzəsində yerləşən Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik dövlətlər kimi regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayırlar. Xüsusilə enerji sektorunda əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. 2021-ci ildə tərəflər arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı əldə olunmuş razılaşma enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmuşdur. Bu sənəd yalnız iqtisadi əhəmiyyət daşımır, eyni zamanda iki ölkə arasında qarşılıqlı etimadın və siyasi tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilir. Azərbaycan ilə Türkmənistan arasında münasibətlər davamlı inkişaf xətti üzrə irəliləyir. Strateji maraqların üst-üstə düşməsi, qarşılıqlı etimad və ortaq dəyərlər bu əməkdaşlığın gələcəyinin uğurlu olacağını şərtləndirir. Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan iki qardaş xalqın münasibətləri regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına bundan sonra da mühüm töhfələr verəcəkdir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru






















