Türk dünyası bizim ailəmizdir
Təhlükəsizlik sahəsində əməkdaşlıq da son illərdə TDT gündəliyində daha çox yer tutan istiqamətlərdəndir. 2026-cı il sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik şuralarının rəhbər şəxslərinin görüşü keçirilib. Görüş zamanı məlumat və təcrübə mübadiləsi, terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, kibertəhdidlər və digər təhlükəsizlik çağırışlarına qarşı əməkdaşlığın əhəmiyyəti müzakirə olunub. Prezident İlham Əliyev bu cür əməkdaşlığın Türk dövlətləri məkanında təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcəyini bildirib. Türk dünyası anlayışının mühüm istiqamətlərindən biri də mədəni və humanitar bağların qorunmasıdır. Türk xalqlarının ortaq tarixi, dil ailəsi, ədəbiyyatı, folkloru, musiqisi, milli-mənəvi dəyərləri və tarixi yaddaşı xalqlar arasında münasibətlərin sosial əsasını təşkil edir. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatı ilə yanaşı, TÜRKSOY, Türk Akademiyası və digər əməkdaşlıq qurumları fəaliyyət göstərir. Azərbaycan özünün tarixi-mədəni irsini Türk dünyasının ümumi mədəni sərvətinin tərkib hissəsi kimi təqdim edir və ortaq mədəni irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində layihələrdə iştirak edir. Azərbaycanın Türk dünyası ilə münasibətlərində Şuşanın xüsusi yeri də qeyd olunur. Şuşa 2021-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş və şəhərdə Türk dünyasının mədəniyyət, incəsənət və ədəbiyyat nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilib. Bu fakt Qarabağın bərpası prosesinin yalnız infrastruktur və iqtisadi inkişafla deyil, həm də mədəni-humanitar əməkdaşlıqla əlaqələndirildiyini göstərir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” ifadəsi eyni zamanda qarşılıqlı dəstək prinsipini ön plana çıxarır. 2026-cı il aprelin 2-də Bakıda TDT hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edərkən Prezident qeyd edib ki, üzv dövlətlər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, həm yaxşı, həm də çətin günlərdə bir-birinin yanında olurlar. Dövlət başçısı TDT-nin nadir xüsusiyyətlərindən biri kimi üzv dövlətlər arasında həm çoxtərəfli, həm də ikitərəfli formatda münasibətlərin müsbət xarakter daşımasını göstərib. O, bu münasibətlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bu yanaşma Türk dünyasının gələcək inkişafına dair uzunmüddətli baxışı da ehtiva edir. Prezident İlham Əliyev TDT-nin gələcəkdə dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilməsi üçün üzv dövlətlərin mövcud imkanlarından — geniş coğrafiyadan, ortaq etnik və mədəni köklərdən, enerji resurslarından, nəqliyyat marşrutlarından və iqtisadi potensialdan səmərəli istifadə etməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, təşkilatın güclənməsi üçün siyasi həmrəyliklə yanaşı, konkret iqtisadi layihələr, investisiyalar, nəqliyyat əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlıqlar da inkişaf etdirilməlidir.“Türk dünyası bizim ailəmizdir” ifadəsi Azərbaycan–Türk dünyası münasibətlərinin yalnız emosional və tarixi bağlılıq üzərində deyil, siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik, humanitar və mədəni əməkdaşlığın geniş şəbəkəsi üzərində qurulduğunu ifadə edir. Azərbaycan TDT-ni xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirir və təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsi üçün fəal iştirak edir. Bu əməkdaşlığın əsasını ortaq tarix və mədəniyyət təşkil etsə də, onun müasir məzmununu suveren dövlətlər arasında qarşılıqlı hörmət, iqtisadi inteqrasiya, təhlükəsizlik əməkdaşlığı və beynəlxalq platformalarda qarşılıqlı dəstək müəyyənləşdirir. Prezident İlham Əliyevin 2026-cı il çıxışlarında vurğuladığı kimi, TDT-nin potensialından səmərəli istifadə və üzv dövlətlər arasında birlik təşkilatın beynəlxalq sistemdə rolunun daha da inkişaf etdirilməsi üçün əsas amillərdən biri kimi təqdim olunur.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova























