ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranla müharibə bitdi. İsrail və Britaniya mediası isə yazır ki, bununla da Tramp 139 gündə 40-cı dəfə “İranla müharibə bitdi” bəyanatını vermiş oldu. Bundan əvvəl 39 dəfə verilən bu cür bəyanatların ömrü qısa çəkib. Səsləndən hətta saatlar sonra heç də müharibənin bitmədiyi məlum olub.
Bəs 40-cı bəyanatın da aqibəti əvvəlkilər kimi ola bilərmi?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Trampın təkrar-təkrar “müharibə bitdi” bəyanatları daha çox üç məqsədə xidmət edir: Daxili auditoriyaya özünü “müharibəni dayandıran lider” kimi təqdim etmək; neft və maliyyə bazarlarında psixoloji sabitlik yaratmaq; İran üzərində danışıqlar zamanı əlavə siyasi təzyiq formalaşdırmaq.
“Ona görə də 40-cı bəyanatın əvvəlkilərdən fərqli olaraq qalıcı sülhə çevrilməsi yalnız bəyanatdan deyil, İranın nüvə proqramı, sanksiyalar, Hörmüz boğazının statusu və İsrail amili kimi hələ də həllini tapmamış məsələlərdən asılı olacaq”,_ deyə mütəxəssis vurğulayıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə “müharibə tam bitib” deməkdən daha çox, “atəşkəs və siyasi razılaşma cəhdi davam edir” ifadəsi reallığa daha yaxın görünür: “Həmçinin İran hakimiyyətinin daxilində ABŞ ilə memorandum imzalanmasına qarşı çıxan qüvvələrin olduğu görünür. Bu səbəblərdən 40-cı bəyanatın da əvvəlkilər kimi uğursuz ola bilməsi ehtimalı kifayət qədər yüksəkdir. Təcrübə göstərir ki, Tramp dəfələrlə sülh, yekun razılaşma və müharibənin bitməsi barədə açıqlamalar verib, lakin sonradan tərəflər arasında yeni gərginliklər yaranıb və proses yenidən dalana dirənib”.

Professor qeyd edib ki, bu cür bəyanatların verilməsində iqtisadi amillərin də rol oynadığı istisna deyil: “ABŞ üçün Yaxın Şərqdə sabitliklə bağlı hər bir müsbət siqnal neft bazarlarına təsir göstərir. “Müharibə bitir”, “Hörmüz açılır”, “razılaşma yaxınlaşır” kimi açıqlamalar neft qiymətlərinin və maliyyə bazarlarının davranışına təsir edə bilir. ABŞ administrasiyası üçün aşağı enerji qiymətləri inflyasiyanın idarə olunması, iqtisadi göstəricilər baxımından mühüm əhəmiyyət daşıyır. Vaşinqton bazarlara və tərəfdaşlara nəzarəti əlində saxlamağa çalışır”.






















