Tiranadakı Zəfər – Azərbaycan Güləşinin Gücü və Qüruru
Azərbaycan idman tarixində növbəti parlaq səhifə yazıldı. Tiranada keçirilmiş Avropa çempionatında milli komandamızın qazandığı böyük qələbə hər birimizi sevindirdi və qürurlandırdı. Bu uğur yalnız idman nəticəsi deyil, həm də xalqımızın iradəsinin, zəhmətinin və birlik ruhunun göstəricisidir. Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, onlar Avropada lider mövqeyə sahibdirlər. Komanda hesabında birinci olmaq böyük nailiyyətdir və bu nəticə uzunmüddətli hazırlığın, peşəkar məşq prosesinin və idmançılarımızın əzmkarlığının bəhrəsidir. Xüsusilə nəzərə alsaq ki, bu gün güləş idman növündə rəqabət əvvəlki illərlə müqayisədə daha da artıb, bu uğurun dəyəri daha da yüksəlir. Müxtəlif ölkələrdən olan güclü və tanınmış idmançıların iştirak etdiyi bu çempionatda qalib gəlmək heç də asan deyildi.
Yarışların gedişi göstərdi ki, Azərbaycan güləşçiləri yalnız fiziki güc deyil, həm də yüksək texnika, taktiki düşüncə və möhkəm iradə nümayiş etdirirlər. Onlar hər görüşdə rəqiblərinə qarşı ədalətli və prinsipial mübarizə apararaq qələbə qazandılar. Bu isə idmanın əsas prinsiplərinə – dürüstlük və ədalətə sadiqliyin bariz nümunəsidir. Bu qələbə həm də gənc nəslə böyük motivasiya verir. Uğurlu çıxışlar göstərir ki, düzgün istiqamət, zəhmət və vətən sevgisi ilə böyük zirvələr fəth etmək mümkündür. Güləşçilərimiz təkcə medal qazanmırlar, eyni zamanda Azərbaycanın adını beynəlxalq arenada ucaldırlar. Tiranada əldə olunan bu böyük zəfər Azərbaycan idmanının gücünü bir daha dünyaya nümayiş etdirdi. Milli komandamızın hər bir üzvünü bu möhtəşəm uğur münasibətilə təbrik edir, onlara gələcək yarışlarda da yeni qələbələr arzulayırıq. Bu qələbə bizim hamımızındır!
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

























