Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələnin formalaşdığını nümayiş etdirir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yaşıl keçidin beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə baş tutan bu səfər xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin görüşdən sonra verdiyi bəyanat tərəflər arasında mövcud əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləməklə yanaşı, qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat, bərpaolunan enerji və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın daha da genişlənəcəyinə dair mesaj verib. Bu yanaşma qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə ardıcıl səfərləri münasibətlərin inkişaf tempini təcəssüm etdirir. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gəlməsi siyasi dialoqun intensiv xarakter aldığını təsdiqləyir. Tərəflər arasında əməkdaşlıq artıq davamlı siyasi məsləhətləşmələr və strateji koordinasiya üzərində qurulur. Müxtəlif sahələri əhatə edən bu dialoq qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.
Prezident cənab İlham Əliyev bəyanatında Avropa İttifaqının əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Xarici ticarətin 40 faizdən çoxunun Avropa bazarı ilə həyata keçirilməsi iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu sübut edir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının ticarət dövriyyəsinin böyük hissəsinin Azərbaycanla aparılması respublikanın regionun aparıcı iqtisadi mərkəzi olduğunu təsdiqləyir. Bu göstəricilər iqtisadi sabitliyin, əlverişli investisiya mühitinin və həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Avropa İttifaqı ilə münasibətlərdə enerji sektoru əsas istiqamətlərdən biri olaraq qalır. 4 il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq real nəticələr verir. Son illərdə Avropa bazarına təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması, hazırda isə Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı ilə təmin olunması enerji əməkdaşlığının uğurunu nümayiş etdirir. Bu amillər Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Hər ölkə üçün enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm amilinə çevrildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Təxminən 3500 kilometr uzunluğa malik bu enerji sistemi artıq Avropanın enerji xəritəsinin mühüm hissəsinə çevrilib. Layihə həm də müxtəlif dövlətləri ortaq maraqlar ətrafında birləşdirən strateji əməkdaşlıq modelidir. Bu dəhliz enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, regionlararası əməkdaşlığın genişlənməsinə də töhfə verir.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə























