Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi, milli-mədəni və mənəvi bağlara əsaslanan möhkəm dostluq və qardaşlıq münasibətləridir. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələri ilə yanaşı, mədəni-humanitar əlaqələr də sürətlə inkişaf edir. Bu əməkdaşlığın aparıcı istiqamətlərindən biri isə təhsil sahəsidir. Təhsil iki xalqın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və ortaq dəyərlərin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Azərbaycan və Özbəkistan xalqları arasında tarixi-mədəni yaxınlıq təhsil sahəsində əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Hər iki ölkənin dövlətçilik ənənələri, zəngin ədəbiyyatı, elmi irsi və milli-mədəni dəyərləri qarşılıqlı əlaqələrin inkişafına əlverişli imkanlar açır. Bu baxımdan tələbə və müəllim mübadiləsi, ali və orta təhsil müəssisələri arasında əməkdaşlıq, elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Təhsil sahəsində əməkdaşlığın real nəticələri tələbə mübadiləsinin göstəricilərində də öz əksini tapır. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Bu rəqəmlər iki ölkə arasında təhsil əlaqələrinin qarşılıqlı xarakter daşıdığını və gənclər üçün yeni imkanlar yaratdığını göstərir. Xarici ölkədə təhsil alan tələbələr yalnız peşəkar bilik və bacarıqlar qazanmır, eyni zamanda həmin ölkənin tarixi, mədəniyyəti və ictimai həyatı ilə yaxından tanış olurlar. Beləliklə, tələbə mübadiləsi gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək yeni nəsil mütəxəssislərin və dostluq körpülərinin formalaşmasına xidmət edir.
Azərbaycan və Özbəkistan arasında təhsil əməkdaşlığının ən parlaq nümunələrindən biri Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyət göstərməsidir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən bu təhsil ocağı yalnız müasir məktəb binası deyil, eyni zamanda iki qardaş xalq arasında dostluq və həmrəyliyin rəmzidir. Məktəbin Füzuli şəhərində yaradılması xüsusilə böyük mənəvi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə Özbəkistanın verdiyi töhfənin təhsil sahəsində belə mühüm layihə ilə ifadə olunması iki ölkə arasındakı münasibətlərin səmimiliyini və strateji xarakterini nümayiş etdirir.
Mirzə Uluqbəy adına məktəbin adı da təsadüfi seçilməyib. Böyük alim və dövlət xadimi Mirzə Uluqbəy Şərq elmi və mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Onun adının Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisəsinə verilməsi Azərbaycan və Özbəkistan xalqlarının ortaq elmi-mədəni irsinin təcəssümüdür. Bu məktəb gələcək nəsillərin elmə, təhsilə və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Füzulidə məktəbin inşası Özbəkistanın işğaldan azad edilmiş ərazilərimizin bərpasına göstərdiyi qardaşlıq münasibətinin konkret nümunəsidir. Azərbaycan xalqı bu nəcib təşəbbüsü yüksək qiymətləndirir. Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə göstərilən dəstəyə görə səmimi minnətdarlığın ifadə olunması iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin dərinliyini bir daha nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu prosesdə dost və qardaş ölkələrin göstərdiyi dəstək xüsusi mənəvi əhəmiyyət daşıyır. Özbəkistanın Füzulidə məktəb tikintisi ilə bu prosesə töhfə verməsi gələcəyə yönəlmiş mühüm addımdır. Çünki məktəb yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün qurulur. Burada təhsil alacaq uşaqlar Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz töhfələrini verəcəklər.
Təhsil sahəsində əməkdaşlığın digər mühüm istiqaməti ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsidir. Azərbaycan və Özbəkistan universitetləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi tələbə və müəllim mübadiləsinə, birgə elmi layihələrin hazırlanmasına, akademik təcrübənin paylaşılmasına və müasir təhsil metodlarının tətbiqinə imkan yaradır. Xüsusilə mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, tibb, humanitar elmlər və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin əmək bazarı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edə bilər.
Elmi əməkdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar ölçüsünü zənginləşdirən mühüm istiqamətdir. İki ölkənin alimləri arasında əlaqələrin genişləndirilməsi ortaq tarix, dil, ədəbiyyat, mədəniyyət və digər sahələr üzrə tədqiqatların aparılmasına yeni imkanlar yaradır. Azərbaycan və Özbəkistanın zəngin elmi və mədəni irsinin birgə öyrənilməsi xalqlarımızın ortaq dəyərlərinin daha geniş şəkildə təbliğinə şərait yaradır.
Təhsil əməkdaşlığının strateji əhəmiyyəti ondan ibarətdir ki, bu sahədə əldə olunan nəticələr uzunmüddətli xarakter daşıyır. İqtisadi və siyasi layihələr dövlətlər arasında əməkdaşlığı möhkəmləndirdiyi kimi, təhsil də xalqlar arasında insan əlaqələrinin inkişafına xidmət edir. Azərbaycanda təhsil alan özbək tələbələr, eləcə də Özbəkistanda təhsil alan azərbaycanlı gənclər iki ölkə arasında gələcək əməkdaşlığın təbii elçilərinə çevrilirlər. Onların əldə etdiyi bilik və təcrübə gələcəkdə müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb ola bilər.
Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafı eyni zamanda Türk dünyasında əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Ortaq dil, tarix və mədəniyyətə malik xalqların gəncləri arasında əlaqələrin genişlənməsi türk dövlətləri arasında humanitar inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Təhsil bu prosesdə ən təsirli vasitələrdən biridir. Birgə elmi layihələr, tələbə mübadiləsi, təhsil proqramları və mədəni tədbirlər gənc nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirir.
Əminliklə demək olar ki, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində mövcud əməkdaşlıq bundan sonra da genişlənəcək, tələbə və müəllim mübadiləsi, elmi əlaqələr və birgə layihələr yeni mərhələyə yüksələcək. Bu əməkdaşlıq iki ölkənin gənc nəslinin daha yaxından tanış olmasına, ortaq dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə Azərbaycan–Özbəkistan qardaşlığının möhkəm təməlini daha da gücləndirəcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərəkəzinin əməkdaşı Alagöz Namazova























