Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq;
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər də əməkdaşlığın konkret nəticələrə hesablandığını göstərir. Nəqliyyat, logistika, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar tərəflərin strateji baxışının göstəricisidir. Bu sənədlər gələcəkdə ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və regionun tranzit imkanlarının daha səmərəli istifadəsinə xidmət edəcək. Prezident cənab İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı. Bu yanaşma təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixən və mədəni baxımdan Mərkəzi Asiya ilə sıx bağlıdır. Bu gün isə nəqliyyat dəhlizləri və enerji layihələri həmin əlaqələri daha da gücləndirir.
Bakı ilə Aşqabad arasında münasibətlər artıq ikitərəfli formatın sərhədlərini aşır. Bu əməkdaşlıq türk dünyasının inteqrasiyasına, Xəzər regionunun inkişafına və Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına xidmət edir. Prezident cənab İlham Əliyevin “siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi” fikri də məhz bu reallığın ifadəsidir. Bu gün Azərbaycan və Türkmənistan təkcə dost və qardaş dövlətlər deyil. Onlar Xəzər hövzəsinin gələcəyini formalaşdıran, regional əməkdaşlığın istiqamətlərini müəyyən edən və türk dünyasının birliyinə töhfə verən iki strateji tərəfdaşdır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya səfəri isə bu tərəfdaşlığın qarşıdakı illərdə daha da güclənəcəyinin mühüm siyasi mesajı kimi tarixə düşür.
Şəhla Eminova – Zərdab şəhər 1 nömrəli Məktəb-liseyin direktor müavini
























