image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-11490705fe39a62342b7

Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan

image-legitimaz-810x90

Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan

 

Azərbaycan xalqının çoxəsrlik tarixində 2020-ci il xüsusi yer tutur. Həmin il Azərbaycan dövlətinin gücü, xalqın birliyi və ordumuzun qəhrəmanlığı bütün dünyaya nümayiş etdirildi. Bu möhtəşəm Qələbənin memarı isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oldu. Onun qətiyyətli siyasəti, güclü liderlik keyfiyyətləri və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində xalqımız 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.

Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal altında qalmışdı. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə üstünlük verir, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını gözləyirdi. Lakin uzun illər ərzində bu qətnamələr kağız üzərində qalır, Ermənistan isə işğalçılıq siyasətini davam etdirirdi. Belə bir şəraitdə Prezident cənab İlham Əliyev həm siyasi-diplomatik müstəvidə, həm də dövlət quruculuğu sahəsində ardıcıl fəaliyyət göstərərək ölkənin iqtisadi, hərbi və siyasi potensialını gücləndirdi. Prezident cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu müasir standartlara uyğun şəkildə yenidən formalaşdırıldı. Ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar qısa müddətdə uğurlu nəticələr verdi. Ordumuz bir addım belə geri çəkilmədən düşmənə sarsıdıcı zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. Bu müddət ərzində Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin və onlarla yaşayış məntəqəsinin azad olunması düşmənin müdafiə xəttini tamamilə dağıtdı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyini həll edən ən mühüm hadisə oldu. Şuşanın azad olunması xəbəri Azərbaycan xalqına böyük sevinc yaşatdı və Qələbənin müjdəsinə çevrildi.

Prezident cənab İlham Əliyev müharibə dövründə yalnız hərbi əməliyyatlara rəhbərlik etmədi, eyni zamanda informasiya cəbhəsində də böyük qələbələr qazandı. Dövlət başçısı dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini əsaslı faktlarla müdafiə etdi, Ermənistanın yalan təbliğatını ifşa etdi və beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırdı. Bu fəaliyyət Azərbaycanın diplomatik uğurlarının daha da möhkəmlənməsinə xidmət etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətini və Azərbaycanın qələbəsini rəsmiləşdirdi. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu, illərdir həsrətlə gözlənilən tarixi ədalət təmin edildi.
Vətən müharibəsində əldə edilən Qələbə Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətinin və güclü liderliyinin nəticəsi idi. Dövlət başçısının rəhbərliyi altında formalaşdırılmış güclü iqtisadiyyat, müasir ordu və milli birlik ölkəmizin qarşısında duran ən mühüm vəzifənin uğurla yerinə yetirilməsini təmin etdi. Məhz buna görə də Azərbaycan xalqı İlham Əliyevi Müzəffər Ali Baş Komandan kimi böyük hörmət və ehtiramla yad edir.

Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri tikilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələridir.

Tarixi Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın şanlı zəfər tarixi ilə daim birlikdə çəkiləcəkdir.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki