Şuşadan strateji əməkdaşlıq mesajı
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində iyulun 14-də Şuşada Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Slovakiya əməkdaşlığının siyasi, iqtisadi və humanitar istiqamətlərdə daha da genişləndirilməsi üçün möhkəm zəmin formalaşdığını göstərdi.
Dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan və Slovakiya arasında siyasi dialoq müntəzəm xarakter daşıyır, qarşılıqlı səfərlər isə münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Prezident İlham Əliyev ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırladığını bildirərək, göstərilən qonaqpərvərliyə görə Prezident Peter Pelleqrinə təşəkkürünü ifadə etdi. Onun sözlərinə görə, nümayəndə heyətlərinin geniş tərkibdə təmsil olunması iki ölkənin müxtəlif sahələr üzrə fəal əməkdaşlıq niyyətindən xəbər verir.
Prezident İlham Əliyev vurğuladı ki, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə artıq real nəticələr verməkdədir. Siyasi münasibətlərin yüksək səviyyəsi birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı etimadın möhkəmlənməsi üçün əlverişli şərait yaradıb. Bu əməkdaşlığın əsasında isə hər iki dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə dayanır.
Şuşadakı bəyanatın diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpası prosesində fəal iştirakına verilən yüksək qiymət oldu. Prezidentlər səfər çərçivəsində Ağdam rayonunun Baş Qərvənd kəndinə gedərək Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi ilə tanış olacaqlarını bildirdilər. Prezident İlham Əliyev Slovakiyanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına verdiyi dəstəyi yüksək qiymətləndirərək bunun iki ölkə arasında dostluq və tərəfdaşlığın praktik təzahürü olduğunu vurğuladı.
Görüş zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, hərbi-texniki əməkdaşlıq və digər perspektivli istiqamətlər də ətraflı müzakirə olundu. Tərəflər bütün məsələlər üzrə açıq və səmimi fikir mübadiləsi apararaq əməkdaşlığın yeni layihələrlə daha da zənginləşdirilməsi istiqamətində irəliləmək əzmində olduqlarını nümayiş etdirdilər.
Prezident İlham Əliyev Peter Pelleqrinin Azərbaycana ilk dəfə səfər etmədiyini də xüsusi qeyd etdi. O xatırlatdı ki, Slovakiya Prezidenti əvvəlki vəzifələrində – parlament sədri və Baş nazir kimi də Azərbaycanda olub, Prezident kimi isə COP29 çərçivəsində ölkəmizə səfər edib. Bu ardıcıl təmaslar iki ölkə arasında formalaşmış qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisi kimi qiymətləndirildi.
Şuşadan verilən mesaj bir daha təsdiqlədi ki, Azərbaycan və Slovakiya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, konkret layihələr və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli üzərində inkişaf edir. Qarabağın bərpasına verilən dəstək, strateji tərəfdaşlığın uğurla icrası və müxtəlif sahələrdə genişlənən əlaqələr göstərir ki, iki ölkə arasında əməkdaşlıq qarşıdakı dövrdə də yeni uğurlarla davam edəcək.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

























