Şuşada keçirilən Qlobal Media Forum
“Əkinçi”nin timsalında milli mətbuatın meydana çıxması xalqımızın tarixində mühüm bir hadisədir. Milli taleyimizdə dönüş yaradan vacib mərhələdir. Milli şüuru canlandıran, xalqımızı təşkilatlandırmağa xidmət edən əvəzedilməz faktdır. “Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabi təkcə Milli Mətbuat Günündə yox, həmişə qürurla anılmağı, dönə – dönə xatırlanmağı haqq edən müstəsna şəxsiyyətlərimizdən biridir. Onu da vurğulamaq gərəkdir ki, onun fəaliyyəti yalnız qəzet tərtibatçılığı və naşirliyi ilə məhdudlaşmır. Həsən bəy həm də və daha çox dövrünün yenilikçi alimi, mütəfəkkiri, fikir – düşüncə nəhəngiydi. Milli dramaturgiyamızın, milli operamızın yaradılması da məhz mətbuatımızın banisi Həsən bəyin tövsiyəsi, xeyir- duası ilə gerçəkləşib. 151 illik zaman kəsimində mətbuatımız müxtəlif hadisələrin şahidi olub, ciddi tarixi proseslərə istiqamət verib, hadisələrin axarını dəyişib, müəyyənləşdirib. Yeni və fərqli ictimai-siyasi proseslərin, milli dirçəlişin start götürməsində həlledici rol oynayıb. Amma bir faktla qeyd-şərtsiz, hamı birmənalı olaraq razılaşar ki, yüz əlli bir yaşlı mətbuatımızın baş və şah xəbəri “Əziz Şuşa, sən azadsan!” bəyanıdır. Etiraf edək ki, onilliklər boyu müxtəlif səpkili, məzmunlu xəbərlər dərc etsə də, Zəfər müjdəsini yayımlamaq milli mətbuatımıza nəsib olmamışdı. 2020-ci ilin 8 noyabrında mətbuatımız qələbə xəbəri dərc etməyin intəhasız həzzini yaşadı. Bu baxımdan, Milli Mətbuat Günü ərəfəsində Şuşada media tədbirlərinin keçirilməsi diqqətəlayiq bir nümunədir. Bildiyimiz kimi, bu, artıq ənənəyə çevrilib. 4-cü ildir ki, Şuşada Media Forumu düzənlənir. Həmin tədbirdə Azərbaycan Prezidenti çoxsaylı sualları cavablandırır, beynəlxalq durumu, geosiyasi mənzərəni şəkilləndirir.
Ona görə də IV Şuşa Qlobal Media Forumuna sırf iştirakçıların sayı, kimliyi, peşəsi üzərindən qiymət vermək düzgün olmazdı. Şuşa Forumuna fövqəladə məzmun verən iki mühüm amil var. Birincisi, forumun keçirildiyi məkana bağlıdır. Şuşa hər bir azərbaycanlı üçün ziyarətgahdır, qudsallaşmış bir ünvandır. Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır. Digər tərəfdən, Şuşa son 100 ildə işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Belə demək mümkünsə, bir sıra beynəlxalq təşkilatların, ATƏT-in, o cümlədən BMT-nin Şuşaya bir minnət borcu var. Çünki 44 günlük savaş nəticəsində Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı, Qarabağı, Şuşanı azad etməklə bərabər BMT-nin yerlə bir olmuş nüfuzuna da çəki – düzən verdi. Bu bir parlaq həqiqətdir ki, BMT-nin qəbul etdiyi, amma 30 il kağız parçası statusunda qalan 4 qətnamənin icrasını məhz Azərbaycan ordusu təmin etdi. Şuşada deyilən hər sözün, verilən hər mesajın əlahiddə çəkisi var. Məsələn, Şuşada “işğalla barışmayın” mesajını verməyin praktik bünövrəsi var: çünki bu tövsiyənin səsləndiyi məkan özü işğalla barışmamanın, milli dirənişin, milli mücadilənin nəticəsidir.
Zərdab şəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova























