image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783936282iiiiiiiiiiiiiiiii

Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri də qərarların qəbul edilməsinə və ictimai rəyin formalaşmasına təsir göstərən nüfuzlu şəxslərin bir araya gətirilməsidir

image-legitimaz-810x90

Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri də qərarların qəbul edilməsinə və ictimai rəyin formalaşmasına təsir göstərən nüfuzlu şəxslərin bir araya gətirilməsidir

 

Şuşa Qlobal Media Forumunun hər il fərqli mövzuya həsr olunması onun aktuallığını və beynəlxalq əhəmiyyətini artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir.” Bu yanaşma Forumun müasir dövrün informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiya ilə mübarizə, qlobal kommunikasiya və media etikası kimi aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu göstərir.

Forumun uğurunun əsas səbəblərindən biri də burada yaradılan səmimi və açıq mühitdir. Müxtəlif ölkələrdən gələn jurnalistlər, ekspertlər və media rəhbərləri sərbəst fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq əlaqələri qurmaq və peşəkar təcrübələrini bölüşmək imkanı əldə edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər.” Bu isə Forumun yalnız peşəkar tədbir deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsinə xidmət edən mühüm humanitar platforma olduğunu göstərir.

Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri də qərarların qəbul edilməsinə və ictimai rəyin formalaşmasına təsir göstərən nüfuzlu şəxslərin bir araya gətirilməsidir. Dünyanın müxtəlif ölkələrindən gələn media rəhbərləri, analitiklər, beynəlxalq ekspertlər və jurnalistlər öz ölkələrində milyonlarla insanın informasiya mənbəyidir. Onların Qarabağda gördükləri reallıqları obyektiv şəkildə beynəlxalq auditoriyaya çatdırmaları Azərbaycanın haqq səsinin daha geniş coğrafiyada eşidilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.” Bu fikir Forumun əsas missiyasını aydın şəkildə ifadə edir. Məqsəd yalnız beynəlxalq media nümayəndələrini Azərbaycana dəvət etmək deyil, onlara Qarabağda formalaşmış yeni reallıqları, bərpa və quruculuq prosesini, insanların doğma torpaqlarına qayıdışını və regionun sürətli inkişafını əyani şəkildə nümayiş etdirməkdir.

Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də Qarabağın dirçəlişini, Böyük Qayıdış Proqramının uğurlarını və Azərbaycanın regionda yaratdığı yeni inkişaf modelini dünyaya nümayiş etdirən nüfuzlu beynəlxalq tədbirdir. Şuşanın hər il belə mötəbər forumlara ev sahibliyi etməsi şəhərin beynəlxalq nüfuzunun artdığını, Qarabağın sülh, əməkdaşlıq və inkişaf məkanına çevrildiyini bir daha təsdiq edir. Bu forum vasitəsilə beynəlxalq ictimaiyyət Azərbaycanın bərpa, quruculuq və davamlı inkişaf siyasətinin real nəticələrini yerində görmək imkanı əldə edir və bu da ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki