Şuşa Qlobal Media Forumu – beynəlxalq media dialoqunun və həqiqətlərin təqdim olunduğu nüfuzlu platforma
Müasir dövrdə informasiya məkanı beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmiş, qlobal proseslərin qiymətləndirilməsi və ictimai rəyin formalaşdırılmasında medianın rolu daha da artmışdır. Bu baxımdan Azərbaycan tərəfindən təsis edilmiş Şuşa Qlobal Media Forumu yalnız peşəkar media nümayəndələrinin fikir mübadiləsi apardığı tədbir deyil, eyni zamanda ölkəmizin sülh, əməkdaşlıq və açıq dialoq siyasətinin beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platformadır. Forumun ildən-ilə genişlənən iştirakçı coğrafiyası onun qlobal nüfuzunun davamlı şəkildə artdığını və beynəlxalq media ictimaiyyətinin bu təşəbbüsə göstərdiyi yüksək marağı aydın şəkildə nümayiş etdirir.
Forumun artıq beynəlxalq xarakter alması onun əhəmiyyətini daha da artırır. Dünyanın onlarla ölkəsindən media rəhbərlərinin, aparıcı xəbər agentliklərinin, beynəlxalq təşkilatların və tanınmış ekspertlərin Şuşada bir araya gəlməsi göstərir ki, bu platforma müxtəlif baxışların sərbəst şəkildə müzakirə edildiyi etibarlı dialoq məkanına çevrilmişdir. İştirakçıların sayının hər il artması, müxtəlif ölkələrdən nüfuzlu media qurumlarının Forumda təmsil olunması Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və ölkəmizə olan etimadın göstəricisidir.
Şuşanın Forumun keçirildiyi məkan kimi seçilməsi xüsusi rəmzi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhər təkcə tarixi və mənəvi dəyərləri ilə deyil, həm də müasir inkişaf modeli ilə diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar burada yalnız konfrans və müzakirələrdə iştirak etmir, eyni zamanda Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə beynəlxalq media nümayəndələrinə bölgədə baş verən dəyişiklikləri birbaşa müşahidə etmək, faktlara əsaslanan obyektiv məlumatlar əldə etmək imkanı yaradır.
Forumun əsas üstünlüklərindən biri müxtəlif ölkələri təmsil edən media nümayəndələri arasında qarşılıqlı etimadın və peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməsidir. Burada aktual beynəlxalq çağırışlar, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə və medianın gələcəyi kimi mühüm mövzular açıq müzakirə edilir. Müxtəlif baxışlara malik iştirakçıların eyni platformada fikir mübadiləsi aparması qarşılıqlı anlaşmanın güclənməsinə və informasiya mühitində sağlam əməkdaşlığın formalaşmasına mühüm töhfə verir.
Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın müasir inkişaf reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm vasitədir. Xarici media nümayəndələri Qarabağda aparılan yenidənqurma işlərini, inşa olunan yaşayış məntəqələrini, bərpa edilən tarixi-mədəni irs nümunələrini və bölgəyə qayıdan insanların normal həyat şəraitinin təmin olunmasını əyani şəkildə görürlər. Beləliklə, Forum yalnız nəzəri müzakirələrlə kifayətlənmir, iştirakçılara faktları yerində müşahidə etmək imkanı yaradaraq obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir. Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biridir. Forumun coğrafiyasının və iştirakçı sayının davamlı genişlənməsi onun nüfuzunun artmasının göstəricisidir. Bu platforma beynəlxalq media əməkdaşlığını inkişaf etdirməklə yanaşı, Qarabağda yaranmış yeni reallıqların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına, ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və qlobal informasiya dialoqunun inkişafına mühüm töhfə verməkdədir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru
























