Şuşa Bəyannaməsi iqtisadi sahədə də böyük perspektivlər açır
Azərbaycan və Türkiyə xalqları əsrlər boyu eyni köklərə, ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə sahib olmuşlar. Bu iki dövlət arasında münasibətlər təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də qardaşlıq, dostluq və qarşılıqlı etimad üzərində qurulub. Məhz bu münasibətlərin ən yüksək ifadələrindən biri 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi olmuşdur. Bu sənəd təkcə iki dövlət arasında imzalanmış növbəti müqavilə deyil, həm də Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyaya verilən açıq və qətiyyətli mesajıdır. Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və gələcəkdə də birlikdə inkişaf edəcək, regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına öz töhfələrini verəcəklər. 2020-ci ildə baş vermiş və Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən İkinci Qarabağ Müharibəsi ölkəmizin tarixində yeni bir dövr açdı. İşğaldan azad edilmiş torpaqlarda geniş quruculuq və bərpa işlərinə başlanıldı. Bu qələbənin əldə olunmasında Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildi. Məhz belə bir dövrdə, Qarabağın incisi sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsinin imzalanması xüsusi rəmzi məna daşıyırdı. Şuşa şəhərinin seçilməsi təsadüfi deyildi. Bu şəhər Azərbaycanın mədəniyyət beşiyi olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq və zəfər rəmzinə çevrilmişdir. Şuşada imzalanan bu sənəd dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlıq mərhələsindən daha yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlmişdir.
Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilmiş “Bir millət, iki dövlət” kəlamı dayanır. Bu fikir uzun illər ərzində iki ölkənin münasibətlərinin əsas istiqamətini müəyyənləşdirib. Şuşa Bəyannaməsi həmin fəlsəfənin hüquqi və siyasi ifadəsi kimi qiymətləndirilir. Sənəd göstərir ki, Azərbaycan və Türkiyə yalnız dost ölkələr deyil, həm də ortaq maraqlara malik müttəfiq dövlətlərdir. Hər iki ölkə beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir, milli maraqların qorunması istiqamətində birgə fəaliyyət göstərir. Bu qardaşlıq təkcə dövlət rəhbərləri səviyyəsində deyil, xalqlar arasında da mövcuddur. Azərbaycan və Türkiyə vətəndaşları bir-birini öz doğması kimi qəbul edir, sevinc və kədər günlərində bir-birinə dəstək olurlar.Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə qeyd olunur ki, tərəflərdən hər hansı birinin təhlükəsizliyinə təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələr aparılacaq və lazımi addımlar atılacaq. Bu müddəa regionda sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər də bəyannamədə öz əksini tapıb. Bu əməkdaşlıq hər iki ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
























