image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fbba1774-3db1-3fe5-8652-e16f1bdca5d0_1200

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə qardaşlığının yeni strateji mərhələsi

image-legitimaz-810x90

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə qardaşlığının yeni strateji mərhələsi

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri kimi tarixə daxil olmuşdur. Bu sənəd yalnız iki dövlət arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etməmiş, həm də regionun gələcək inkişaf istiqamətlərinə təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi beynəlxalq diqqəti cəlb etmişdir.

Şuşa Bəyannaməsinin imzalanması təsadüfi hadisə deyildi. Bu sənəd Azərbaycan və Türkiyə xalqlarının əsrlər boyu formalaşmış dostluq, qardaşlıq və həmrəylik münasibətlərinin məntiqi davamı idi. Bəyannamədə öz əksini tapan “Bir millət, iki dövlət” fəlsəfəsi iki ölkə arasında münasibətlərin əsas ideoloji dayağını təşkil edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün səsləndirdikləri tarixi fikirlər bu gün də iki qardaş dövlətin fəaliyyətində əsas istiqamətverici prinsiplərdən biri olaraq qalır.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldərək əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirmişdir. Sənəd siyasi dialoqdan başlayaraq iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, müdafiə sənayesi, hərbi əməkdaşlıq və informasiya mübadiləsi kimi strateji əhəmiyyətli sahələri əhatə edir. Bu isə onu göstərir ki, iki ölkə arasındakı münasibətlər yalnız müəyyən istiqamətlərlə məhdudlaşmır, çoxşaxəli və davamlı inkişaf xətti üzrə qurulur.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda yeni reallıqlar yaratmışdır. Məhz bu yeni reallıqlar fonunda imzalanan Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bəyannamə region dövlətləri arasında əməkdaşlığın genişlənməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə və yeni iqtisadi əlaqələrin formalaşmasına əlverişli şərait yaradır.

Sənədin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Qarşılıqlı investisiyaların artırılması, iqtisadi layihələrin həyata keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi qüdrətinin yüksəlməsinə xidmət edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı iki dövlət arasında iqtisadi tərəfdaşlığın real nəticələrini nümayiş etdirir. Bununla yanaşı, bölgənin zəngin turizm potensialının istifadəyə verilməsi yeni iqtisadi imkanların yaranmasına səbəb olur.

Şuşa Bəyannaməsində nəqliyyat və logistika məsələlərinə də xüsusi diqqət ayrılmışdır. Zəngəzur dəhlizinin açılması perspektivi regionun nəqliyyat xəritəsini yenidən formalaşdırmaqla Avropa ilə Asiya arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradır. Bu dəhliz yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə bu layihənin həyata keçirilməsində aparıcı rol oynamaqla beynəlxalq nəqliyyat-kommunikasiya sistemində mövqelərini daha da gücləndirirlər.

Bəyannamənin ən mühüm tərəflərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsidir. Sənəddə hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesinin inkişafı, birgə hərbi təlimlərin keçirilməsi və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin təmin olunması öz əksini tapmışdır. Bu müddəalar iki ölkənin müdafiə qabiliyyətinin güclənməsinə, regional təhlükəsizliyin qorunmasına və mümkün təhdidlərə qarşı daha effektiv fəaliyyət göstərilməsinə şərait yaradır.

Eyni zamanda, Şuşa Bəyannaməsi beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Xarici siyasət sahəsində koordinasiyanın artırılması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və qlobal təhlükəsizlik məsələlərində birgə fəaliyyət göstərilməsi sənədin əsas istiqamətlərindən biridir. Bu əməkdaşlıq modeli hər iki dövlətin milli maraqlarının müdafiəsinə və beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verir.

Sənəddə diaspor və media sahəsində əməkdaşlıq məsələləri də xüsusi yer tutur. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq media platformalarının inkişaf etdirilməsi beynəlxalq aləmdə daha təsirli fəaliyyət göstərməyə imkan yaradır. Bu istiqamətdə görülən işlər həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il Şuşada keçirilən beynəlxalq konfranslar və elmi tədbirlər bu sənədin aktuallığını və strateji əhəmiyyətini bir daha təsdiq edir. Bu tədbirlərdə regional təhlükəsizlik, Türk dünyasının inteqrasiyası, yeni geosiyasi çağırışlar və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müzakirə olunur. Belə təşəbbüslər Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mühüm fikir və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş xalqın ortaq dəyərlərini, strateji maraqlarını və gələcəyə yönəlmiş məqsədlərini özündə əks etdirir. Sənəd regional sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət etməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya nümayiş etdirir. Şuşada imzalanmış bu tarixi sənəd gələcək nəsillər üçün də dostluq, həmrəylik və müttəfiqliyin parlaq nümunəsi kimi öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

 

Dərya Əhmədova-Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, Tərəqqi medallı

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki