Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Cənubi Qafqaz regionunda son illərdə formalaşan yeni geosiyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru mühüm addımların atılması ilə müşayiət olunur. Xüsusilə sülh gündəliyinin aktuallaşması və tərəflər arasında qarşılıqlı etimadın tədricən bərpa olunması praktiki əməkdaşlıq elementlərinin meydana çıxmasına səbəb olmuşdur. Bu kontekstdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün daşınması və indiyədək 12 min ton neft məhsullarının ixrac edilməsi regionda iqtisadi inteqrasiya meyillərinin real nəticəsi kimi diqqəti cəlb edir. Sülh prosesinin ilkin nəticələri kimi qiymətləndirilən bu göstəricilər ilk növbədə onu göstərir ki, tərəflər arasında kommunikasiya xətlərinin açılması artıq yalnız siyasi bəyanat səviyyəsində deyil, konkret iqtisadi fəaliyyət müstəvisində də öz əksini tapır. Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılan 28 min ton müxtəlif təyinatlı yük, regionda logistika imkanlarının genişləndirilməsi və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu daşımalar həm də Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycanın Ermənistana 12 min ton neft məhsulları ixrac etməsi iqtisadi əməkdaşlığın daha dərin və strateji xarakter aldığını göstərir. Enerji resurslarının ixracı yalnız kommersiya əməliyyatı deyil, həm də qarşılıqlı asılılıq yaradan mühüm iqtisadi alətdir. Bu cür ticarət əlaqələri tərəflər arasında sabitliyin qorunmasına əlavə stimul verir, çünki iqtisadi maraqlar sülhün davamlılığını şərtləndirən əsas amillərdən biri hesab olunur. Qeyd olunan faktlar sübut edir ki, sülh prosesi yalnız diplomatik danışıqlarla məhdudlaşmır, eyni zamanda real iqtisadi nəticələr doğurur. Azərbaycan ərazisi vasitəsilə həyata keçirilən yükdaşımalar Ermənistan üçün alternativ və daha səmərəli logistika imkanları yaradır, eyni zamanda regionda iqtisadi əlaqələrin bərpasına xidmət edir. Bu isə öz növbəsində Cənubi Qafqazın qapalı və münaqişəli regiondan açıq və əməkdaşlığa əsaslanan iqtisadi məkan kimi formalaşmasına zəmin yaradır. Digər tərəfdən, bu əməkdaşlıq forması beynəlxalq ictimaiyyət üçün də mühüm siqnal xarakteri daşıyır. Bu, göstərir ki, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmaya baxmayaraq, tərəflər qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə keçid edə bilirlər. Bu model gələcəkdə daha genişmiqyaslı layihələrin – o cümlədən nəqliyyat dəhlizlərinin açılması, enerji əməkdaşlığının genişlənməsi və ticarət dövriyyəsinin artırılması kimi istiqamətlərin reallaşmasına təkan verə bilər. Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması və 12 min ton neft məhsullarının ixracı regionda sülhün artıq real iqtisadi məzmun qazandığını təsdiqləyən mühüm göstəricilərdir. Bu proseslər qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edən əsas amillərdən biri kimi çıxış edir. Beləliklə, əldə olunan nəticələr Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşdığını və bu modelin gələcək inkişaf üçün geniş perspektivlər açdığını nümayiş etdirir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım





















