Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı.
2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edən Prezident cənab İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Bu sıradan diplomatik bəyanat deyildi; burada həm regionun gələcəyinə dair strateji baxış, həm də uzun illər davam edən qarşıdurmadan sonra yaranmış yeni münasibətlər sisteminin konturları aydın görünürdü. Prezident cənab İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin 2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt təkcə texniki və ya protokol xarakterli qərar deyil, regionda etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siyasi göstəricidir. Bir müddət əvvəl qarşıdurma vəziyyətində olan iki dövlət arasında belə bir diplomatik dəstəyin ortaya çıxması, sülh prosesinin artıq nəzəri müstəvidən praktik mərhələyə keçdiyini göstərir. Nikol Paşinyanın toplantıda onlayn formatda iştirak edən Cənab Prezidentə təşəkkür etməsi ayrıca siyasi və mənəvi çəki daşıyır. Bu jest, hər nə qədər diplomatik nəzakət çərçivəsində səslənsə də, əslində tərəflər arasında yeni münasibətlər atmosferinin yarandığını nümayiş etdirir. Bir neçə il əvvəl belə bir mənzərə region üçün əlçatmaz görünürdü.
Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycan və Ermənistan cəmi doqquz aydır sülh şəraitində yaşayır və bu qısa müddət ərzində artıq real nəticələr əldə olunub. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, sülh sazişinin mətninin paraflanması və beynəlxalq vasitəçilik platformasında əldə olunan razılaşmalar tərəflər arasında siyasi iradənin mövcudluğunu göstərir. Sülhün kağız üzərində qalmadığını sübut edən ən mühüm məqamlardan biri Azərbaycanın Ermənistan üçün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasıdır. 1990-cı illərin əvvəllərindən qüvvədə olan məhdudiyyətlərin ləğvindən sonra artıq Ermənistan üçün Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük daşınıb. Bu, regionda iqtisadi əlaqələrin və logistika imkanlarının bərpası istiqamətində atılmış mühüm addımdır. Azərbaycanın Ermənistana ilk dəfə olaraq benzin və dizel ixrac etməyə başlaması isə münasibətlərin daha dərin müstəviyə keçdiyini göstərir. 12 min ton neft məhsulunun ixracı ticarət münasibətlərinin başlanğıcı olmaqla yanaşı, regionda qarşılıqlı iqtisadi maraqların formalaşdığını da ortaya qoyur. Müharibədən sülhə keçid məhz bu cür konkret nəticələrlə ölçülür. Prezident cənab İlham Əliyev çıxışında regional bağlantılar məsələsinə də xüsusi yer ayırdı. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan layihənin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi və eyni zamanda Orta Dəhlizin mühüm komponentinə çevrilməsi regionun geosiyasi və iqtisadi xəritəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat və ticarət axınları üçün strateji əhəmiyyət daşıyır.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov

























