Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq
Müasir beynəlxalq münasibətlər sistemində davamlı sülhün təmin olunması dövlətlərin inkişafı, regionda sabitliyin qorunması və xalqlar arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritetlərindən biri də Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsidir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpasından sonra Azərbaycan regionda yeni əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində ardıcıl addımlar atmışdır.
Prezident cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan sülhü yalnız sənədlərdə deyil, real həyatda görmək və hiss etmək istəyir. Bu yanaşma ölkəmizin həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir. Azərbaycan sülh sazişinin imzalanmasını gözləməklə kifayətlənməmiş, eyni zamanda qarşılıqlı etimadın formalaşdırılması üçün bir sıra mühüm birtərəfli humanitar və iqtisadi addımlar atmışdır. Bu addımlar regionda yeni münasibətlər sisteminin qurulmasına xidmət edir.
Bu siyasətin mühüm istiqamətlərindən biri Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə tətbiq edilmiş bütün məhdudiyyətlərin aradan qaldırılması olmuşdur. Bu məhdudiyyətlər uzun illər Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməsi səbəbindən qüvvədə idi. Lakin münaqişənin başa çatması və yeni reallıqların yaranması fonunda Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək həmin məhdudiyyətləri ləğv etmişdir. Bu addım ölkəmizin regionda iqtisadi əməkdaşlığa və qarşılıqlı faydalı münasibətlərin inkişafına sadiqliyini nümayiş etdirir.
Azərbaycanın həyata keçirdiyi mühüm təşəbbüslərdən biri də Ermənistana mühüm enerji məhsullarının, xüsusilə benzin və dizel yanacağının təchizatına başlamasıdır. Bu qərar humanitar və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Dünyada enerji bazarlarında müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət şəraitində belə bir addım Azərbaycanın sülhə və regional sabitliyə verdiyi önəmin göstəricisidir. Bu, eyni zamanda, ölkəmizin məsuliyyətli dövlət kimi beynəlxalq nüfuzunu daha da gücləndirir.
Azərbaycan müharibədə qalib gəlməsinə baxmayaraq, regionun gələcəyini qarşıdurmada deyil, dialoq və iqtisadi inteqrasiyada görür. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilir. Bu gün Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanı regionun aparıcı siyasi və iqtisadi gücü kimi təqdim edir. Ölkəmiz enerji, nəqliyyat və logistika sahəsində həyata keçirdiyi beynəlxalq layihələrlə regional əməkdaşlığın əsas təşəbbüskarlarından birinə çevrilmişdir. Belə şəraitdə Ermənistanın da regional layihələrdən faydalanması yalnız sülh və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi ilə mümkün ola bilər. Azərbaycanın həyata keçirdiyi sülh siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Dövlətimiz bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, eyni münasibətin Azərbaycana da göstərilməsini tələb edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasət milli maraqların qətiyyətlə müdafiəsi ilə yanaşı, regional sabitliyin və mehriban qonşuluq münasibətlərinin inkişafına da xidmət edir. Müasir dövrdə iqtisadi əməkdaşlıq dövlətlər arasında etimadın formalaşmasında mühüm rol oynayır. Azərbaycanın tranzit imkanlarından istifadəyə yaradılan şərait, enerji resurslarının paylaşılması və iqtisadi əlaqələrin inkişafına yönəlmiş addımlar göstərir ki, ölkəmiz bölgədə uzunmüddətli sülhün praktiki əsaslarının yaradılmasında maraqlıdır. Bu siyasət həm region dövlətlərinin rifahına, həm də beynəlxalq nəqliyyat və ticarət marşrutlarının təhlükəsiz fəaliyyətinə xidmət edir.
Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün yalnız hərbi gücü ilə deyil, həm də sülh təşəbbüsləri və konstruktiv diplomatiyası ilə beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Ölkəmizin atdığı humanitar və iqtisadi addımlar göstərir ki, qalib dövlət olmaqla yanaşı, Azərbaycan məsuliyyətli və etibarlı tərəfdaş kimi də çıxış edir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizi Cənubi Qafqazda sülhün, əməkdaşlığın və inkişafın əsas təşəbbüskarına çevirir.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova






















