image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Sülh və təhlükəsizlik beynəlxalq hüquqa hörmət əsasında təmin olunmalıdır

image-legitimaz-810x90

Sülh və təhlükəsizlik beynəlxalq hüquqa hörmət əsasında təmin olunmalıdır

 

Dünyada sülhün və təhlükəsizliyin qorunması hər bir dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Münaqişələrin qarşısının alınması, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və xalqların təhlükəsiz şəraitdə yaşaması beynəlxalq münasibətlərin əsas məqsədlərindəndir. Bunun üçün dövlətlər beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmasının vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Kamboca sülhü və təhlükəsizliyi inkişafın əsas şərtləri hesab edirlər. Bu fikir müasir dünyada dövlətlər arasında münasibətlərin hansı prinsiplər üzərində qurulmalı olduğunu aydın şəkildə göstərir. Hər bir ölkənin müstəqilliyinə, sərhədlərinə və xalqının seçim hüququna hörmət edilməsi beynəlxalq sabitliyin qorunması üçün vacibdir. Dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması, problemləri danışıqlar yolu ilə həll etməyə çalışması uzunmüddətli sülhün təmin olunmasına kömək edə bilər.

Azərbaycanın son onilliklərdə yaşadığı hadisələr sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Ermənistanın işğalı nəticəsində torpaqlarımız uzun illər işğal altında qalıb, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb. İşğal dövründə yaşayış məntəqələri, tarixi və mədəni abidələr, infrastruktur dağıdılıb. Bu hadisələr dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinin və beynəlxalq hüququn prinsiplərinin qorunmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Yeni yaşayış məntəqələri salınır, yollar və digər infrastruktur obyektləri tikilir, insanların normal yaşayışı və fəaliyyəti üçün şərait yaradılır. Bu proses sülhün yalnız silahlı qarşıdurmanın olmaması deyil, həm də insanların təhlükəsiz və firavan həyat sürməsi üçün vacib olduğunu göstərir.

Azərbaycan və Kamboca arasında münasibətlərin inkişafı da bu baxımdan əhəmiyyətlidir. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bir-birini dəstəkləyir və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə çalışırlar. Sülhə və beynəlxalq hüquqa sadiqlik bu əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir. Belə münasibətlər müxtəlif regionları təmsil edən dövlətlər arasında dialoqun güclənməsinə töhfə verə bilər. Sülhün qorunması bütün dövlətlərin birgə səylərini tələb edir. Heç bir xalq müharibə, dağıntı və məcburi köçkünlük şəraitində yaşamaq istəmir. Buna görə də beynəlxalq münasibətlərdə ədalət, qarşılıqlı hörmət və hüquq normaları əsas götürülməlidir. Dövlətlərin təhlükəsizliyi və inkişafı üçün möhkəm hüquqi əsasların yaradılması həm ayrı-ayrı ölkələrin, həm də bütövlükdə beynəlxalq birliyin maraqlarına uyğundur. Nəticə etibarilə, davamlı sülh yalnız bəyanatlarla deyil, beynəlxalq hüquqa əməl olunması və dövlətlərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi ilə mümkündür. Suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı etimad və dialoq prinsipləri qorunduğu halda xalqların təhlükəsiz şəraitdə yaşaması və ölkələrin inkişafı üçün daha əlverişli imkanlar yaranar.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki