image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Su Təchizatı

image-legitimaz-810x90

Su Təchizatı

Azərbaycanın sosial-iqtisadi inkişafında su təchizatı sistemi strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Ölkədə əhalinin içməli su ilə təmin olunması, kənd təsərrüfatının inkişafı, torpaqların suvarılması və ekoloji tarazlığın qorunması məqsədilə uzun illərdir mühüm layihələr həyata keçirilir. Xüsusilə son illərdə dövlət tərəfindən su anbarlarının tikintisi, mövcud hidrotexniki qurğuların yenidən qurulması və yeni kanal sistemlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Azərbaycanın ən mühüm su ehtiyatları sırasında Şəmkirçay, Taxtakörpü və Göytəpə su anbarları xüsusi yer tutur. Şəmkirçay su anbarı ölkənin qərb bölgəsində yerləşərək həm içməli su təminatı, həm də minlərlə hektar kənd təsərrüfatı sahəsinin suvarılması baxımından mühüm rol oynayır. Bu layihə nəticəsində Gəncə-Qazax iqtisadi rayonunda torpaqların məhsuldarlığı əhəmiyyətli dərəcədə artmışdır. Taxtakörpü su anbarı isə Samur-Abşeron suvarma sisteminin əsas hissələrindən biri olmaqla, Abşeron yarımadasının və şimal bölgələrinin su təminatında mühüm əhəmiyyətə malikdir. Göytəpə su anbarı da kənd təsərrüfatının inkişafına və suvarma imkanlarının genişləndirilməsinə xidmət edən mühüm hidrotexniki layihələrdən hesab olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri çərçivəsində su təsərrüfatı sahəsinə xüsusi diqqət ayrılmışdır. İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa edilən strateji obyektlərdən biri məhz su anbarları və suvarma sistemləri olmuşdur. Dövlət tərəfindən dərhal su infrastrukturunun bərpasına başlanılmış, uzun illər baxımsız qalan və dağıdılmış hidrotexniki qurğular yenidən istifadəyə hazırlanmışdır. Bu istiqamətdə Kəndələnçay su anbarları xüsusi əhəmiyyət daşıyır. Hazırda Kəndələnçay hövzəsində üç su anbarının fəaliyyəti nəzərdə tutulur və bu layihələr bölgənin kənd təsərrüfatı potensialının artırılmasına xidmət edir. Bundan başqa, Xaçınçay, Suqovuşan, Sərsəng və Zabuxçay su anbarlarında genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilmişdir. Bu layihələr təkcə Qarabağın deyil, ətraf bölgələrin də su təminatına böyük töhfə verir. Suqovuşan su anbarı xüsusi strateji əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev tərəfindən vaxtilə bu layihənin əsas məqsədi Qarabağ hüdudlarından kənarda yerləşən 7-8 rayonun su təminatını yaxşılaşdırmaq olmuşdur. İşğal dövründə bu sistemdən istifadə mümkün olmasa da, ərazilər azad edildikdən sonra Suqovuşan su anbarı yenidən Azərbaycanın nəzarətinə keçmiş və burada təmir-bərpa işləri həyata keçirilmişdir. Hazırda bu su anbarı vasitəsilə geniş əkin sahələrinin suvarılması üçün yeni imkanlar yaranmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsi Azərbaycanın ümumi su ehtiyatlarının təxminən 25 faizinin formalaşdığı strateji ərazilər hesab olunur. Bu fakt bölgənin hidroresurs potensialının nə qədər böyük olduğunu göstərir. Həmin ərazilərdə yerləşən çaylar, bulaqlar və su anbarları gələcəkdə ölkənin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Hazırda bölgədə yeni magistral və lildən təmizlənmiş kanalların tikintisi davam etdirilir. Suvarma sistemlərinin yenilənməsi nəticəsində təxminən 8 rayonun su təminatı yaxşılaşdırılacaq və ümumilikdə 100 min hektara yaxın torpaq sahəsinin suvarılması mümkün olacaqdır. Bu isə kənd təsərrüfatında məhsuldarlığın artmasına, yeni iş yerlərinin yaranmasına və regionların iqtisadi inkişafına ciddi təkan verəcəkdir. Bununla yanaşı, Bəlçad və digər perspektivli su anbarlarının tikintisi istiqamətində də mühüm layihələr icra olunur. Yeni hidrotexniki qurğuların inşası Azərbaycanın gələcək su təhlükəsizliyinin təmin edilməsinə, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Beləliklə, Azərbaycanda su təchizatı sahəsində həyata keçirilən layihələr ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, əhalinin rifahının yüksəldilməsinə, kənd təsərrüfatının inkişafına və ekoloji təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı su təsərrüfatı layihələri isə Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi böyük əhəmiyyət daşıyır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki