image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17819391055252411212_1200x630

Strateji Tərəfdaşlıq və Humanitar Həmrəylik

image-legitimaz-810x90

Strateji Tərəfdaşlıq və Humanitar Həmrəylik

 

Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar və verilən bəyanatlar göstərir ki, Azərbaycan–Türkmənistan əlaqələri artıq yalnız dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq əhəmiyyət daşıyan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında formalaşmış siyasi dialoq qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanır. Dövlət başçıları arasında mövcud olan səmimi münasibətlər ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə inkişafına əlverişli şərait yaradır. Bu gün Bakı və Aşqabad beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və humanitar inkişaf məsələlərində ortaq mövqe nümayiş etdirirlər.

Azərbaycan və Türkmənistan münasibətlərinin mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Dost və qardaş ölkələrin bu prosesə verdiyi dəstək Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Türkmənistanın bu istiqamətdə nümayiş etdirdiyi mövqe isə xüsusi əhəmiyyət daşıyır.

Qurbanqulu Berdiməhəmmədovun ötən il Füzuli şəhərinə səfəri zamanı burada məscid tikintisi təşəbbüsü ilə çıxış etməsi iki xalq arasındakı mənəvi bağlılığın parlaq nümunəsidir. Artıq layihənin icrasına başlanılması dostluq münasibətlərinin konkret nəticələr verdiyini göstərir. Bu təşəbbüs təkcə dini və mədəni layihə deyil, həm də Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinə verdiyi dəstəyin ifadəsidir.

Humanitar sahədə əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biri kimi diqqət çəkir. Son illərdə Azərbaycan və Türkmənistan arasında mədəniyyət, təhsil və elm sahələrində əlaqələr əhəmiyyətli dərəcədə genişlənmişdir. Aşqabadda və Arkadağ şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri ölkəmizin zəngin mədəni irsinin Türkmənistanda tanıdılması baxımından mühüm rol oynayıb. Eyni zamanda Türkmənistan mədəniyyət nümayəndələrinin Bakı və Gəncəyə səfərləri xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verib.

Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər elan olunması humanitar əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu qərarlar təkcə simvolik məna daşımır, həm də gələcəkdə şəhərlərarası əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixə, türk kimliyinə və qarşılıqlı hörmətə əsaslanan möhkəm təməl üzərində qurulub. Mövcud siyasi iradə və dostluq münasibətləri gələcək illərdə də əməkdaşlığın daha da genişlənəcəyinə və yeni uğurlara imza atılacağına əminlik yaradır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki