Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır.
Azərbaycanın davamlı inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması mühüm yer tutur. Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası və gənclərin müasir ixtisaslara yiyələnməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişaf hədəfləri ilə sıx bağlıdır. Bu gün təhsil yalnız fərdi uğurun və peşəkar inkişafın vasitəsi deyil, həm də dövlətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, xalqların bir-birini daha yaxından tanıması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm körpüdür. Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlığa verdiyi önəm ölkəmizin xarici siyasətində humanitar əlaqələrin xüsusi əhəmiyyətini də nümayiş etdirir.
Dövlətlər arasında münasibətlərin uzunömürlü və möhkəm olması təkcə siyasi dialoqdan və iqtisadi əməkdaşlıqdan deyil, həm də xalqlar arasında formalaşan mənəvi bağlardan asılıdır. Təhsil, elm və mədəniyyət sahələrində qurulan əlaqələr bu bağların möhkəmlənməsinə, gənc nəsillərin müxtəlif xalqların tarixi və dəyərləri ilə tanış olmasına geniş imkanlar yaradır. Müxtəlif ölkələrdən olan tələbələrin Azərbaycanda təhsil alması ölkəmizin bilik və təcrübə mübadiləsi məkanına çevrilməsinə, beynəlxalq humanitar əlaqələrin inkişafına töhfə verir. Azərbaycan ilə Kamboca arasında təhsil sahəsində mövcud olmuş tarixi əlaqələrin yenidən canlandırılması təşəbbüsü də məhz bu baxımdan xüsusi aktuallıq kəsb edir.
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı aparılan müzakirələrdə təhsil məsələsinin diqqət mərkəzində olması iki ölkə arasında münasibətlərin humanitar istiqamətdə genişləndirilməsi üçün mühüm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında keçmişdə mövcud olmuş təhsil əlaqələrinə istinad etməsi Azərbaycan-Kamboca münasibətlərinin tarixi təcrübəsinə əsaslanaraq gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin əhəmiyyətini ortaya qoyur. Vaxtilə Azərbaycanda təhsil almış kambocalı tələbələrin təcrübəsi bu münasibətlərin yaddaşında xüsusi yer tutur və yeni nəsillər arasında əlaqələrin qurulması üçün əhəmiyyətli başlanğıc nöqtəsi ola bilər.
Dövlət başçısı iki ölkə arasında təhsil əlaqələrinin tarixi əsaslarına və gələcək perspektivlərinə toxunaraq bildirmişdir: “Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.”
Cənab Prezident İlham Əliyevin bu fikirləri təhsil sahəsində əməkdaşlığın yalnız keçmişin ənənələrini yaşatmaq deyil, həm də gələcəyə hesablanmış yeni tərəfdaşlıq mexanizmləri formalaşdırmaq baxımından əhəmiyyətini göstərir. Qarşılıqlı tələbə mübadiləsi, universitetlər arasında birbaşa əlaqələrin qurulması, birgə elmi layihələrin həyata keçirilməsi və təqaüd proqramlarının genişləndirilməsi Azərbaycan və Kamboca arasında humanitar əməkdaşlığın konkret istiqamətləri ola bilər. Bu təşəbbüslər gənclərin yeni bilik və bacarıqlar qazanmasına, elmi potensialın inkişafına və iki ölkənin təhsil müəssisələri arasında təcrübə mübadiləsinin güclənməsinə şərait yarada bilər.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru

























