image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1779106024_0286a21e9c3f65c8b2ae58ee9a77da46

Son illər Bakıda həyata keçirilən ekoloji şəhərsalma  layihələri də xüsusi əhəmiyyət daşıyır

image-legitimaz-810x90

Son illər Bakıda həyata keçirilən ekoloji şəhərsalma  layihələri də xüsusi əhəmiyyət daşıyır

Bakının timsalında qədimliklə müasirliyin vəhdəti xüsusilə diqqət çəkir. İçərişəhərin əsrlərlə qorunub saxlanılan tarixi görkəmi ilə müasir göydələnlərin və yeni şəhər infrastrukturlarının harmonik şəkildə bir arada mövcudluğu Azərbaycanın uğurlu şəhərsalma siyasətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometrlik ərazini əhatə edən Bakı bulvarının bu gün 15 kilometrdən artıq əraziyə malik olması paytaxtın sürətli inkişafını, insanların rahatlığı üçün yaradılan müasir şəhər mühitini və urbanizasiya siyasətinin uğurunu nümayiş etdirir.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri xüsusi maraq doğurub. 30 ilə yaxın işğal altında qalmış bu ərazilər erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, şəhərlər və kəndlər viran edilmişdi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması həmin dağıntıların miqyasını aydın şəkildə göstərir. Lakin qısa müddət ərzində Azərbaycan dövləti həmin torpaqlarda misilsiz bərpa və quruculuq layihələrinə start verdi. Müasir şəhərsalma prinsiplərinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunmağa başladı. Bu gün artıq on minlərlə insan doğma torpaqlarına qayıdaraq yaşayır, çalışır və təhsil alır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Beş il ərzində 70 kilometr uzunluğunda tunellərin çəkilməsi, yüzlərlə körpünün tikilməsi, elektrik stansiyalarının, su anbarlarının, yolların, məktəblərin, xəstəxanaların və beynəlxalq hava limanlarının inşası Azərbaycanın güclü iqtisadi potensialının və dövlət siyasətinin uğurlu nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə fiziki infrastrukturun yaradılması deyil, həm də insanların sosial rifahının təmin olunması, iqtisadi aktivliyin bərpası və regionun davamlı inkişafının təmin edilməsi deməkdir.

Son illər Bakıda həyata keçirilən ekoloji şəhərsalma layihələri də xüsusi əhəmiyyət daşıyır. Vaxtilə sənaye tullantıları ilə çirklənmiş “Qara şəhər” ərazisinin bu gün müasir və ekoloji cəhətdən təmiz “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın yaşıl şəhərsalma siyasətinin ən uğurlu nümunələrindəndir. Paytaxtda son 20 ildə yüzlərlə park və ictimai məkanın salınması, yaşıllıq zonalarının genişləndirilməsi, müasir ictimai nəqliyyat sisteminin qurulması insanların yaşayış keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycanın şəhərsalma siyasəti yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır. Bu siyasətin əsas məqsədi insan amilini ön planda saxlamaq, vətəndaşların rahat və təhlükəsiz yaşayışını təmin etmək, tarixi-mədəni irsi qorumaq və müasir urbanizasiya proseslərini dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirməkdir. Dövlətin həyata keçirdiyi layihələr paytaxtla yanaşı regionların da sosial-iqtisadi inkişafına təkan verir, bölgələrdə yeni iş yerlərinin açılmasına, müasir yaşayış mühitinin formalaşmasına şərait yaradır.

Ümumilikdə, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal iştirak edən dövlətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin Forumdakı çıxışı isə ölkəmizin müasir şəhərsalma modelinin, tarixi-mədəni irsə bağlılığının və innovativ inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün qədim tarixi ilə müasir inkişafı uzlaşdıran, dayanıqlı urbanizasiya prinsiplərini uğurla tətbiq edən və gələcəyə inamla addımlayan güclü dövlət kimi dünya birliyində öz mövqeyini daha da möhkəmləndirir.

 

Rəmzi Şirinov – Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki