Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
Azərbaycan Respublikasının xarici siyasətində Avropa ölkələri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. Bu baxımdan Slovakiya Respublikası ilə əlaqələrin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi iki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin göstəricisidir. Dövlət başçılarının qarşılıqlı səfərləri, müntəzəm siyasi təmaslar, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıq Slovakiya–Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır.” Bu fikir iki ölkə arasında mövcud olan münasibətlərin təsadüfi deyil, davamlı və sistemli şəkildə inkişaf etdiyini göstərir. Dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər və hökumətlərarası komissiyaların fəaliyyəti əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.
Keçən ilin sonunda Prezident İlham Əliyevin Slovakiyaya etdiyi rəsmi səfər də münasibətlərin inkişafında mühüm hadisələrdən biri olmuşdur. Dövlət başçısının həmin səfərlə bağlı “Mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm” sözləri iki ölkə arasında mövcud olan dostluq və qarşılıqlı hörmət mühitini aydın şəkildə ifadə edir. Diplomatik münasibətlərdə səmimiyyət və etimad mühüm amillərdən biridir və bu münasibətlər məhz həmin prinsiplər üzərində qurulmuşdur.
Azərbaycan və Slovakiya arasında siyasi dialoq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət göstərilməsini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasını dəstəkləyən mövqe nümayiş etdirir. Bu baxımdan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan məsləhətləşmələr və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir” fikri münasibətlərin əsas mahiyyətini əks etdirir. Əgər tərəflərdə siyasi iradə və qarşılıqlı maraq olmasaydı, bu qədər geniş əməkdaşlıq platformasının formalaşdırılması mümkün olmazdı. Son illərdə iki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq imkanları daha geniş şəkildə araşdırılır və konkret layihələr həyata keçirilir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

























