Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etibarlı siyasi dialoq və ortaq maraqlara əsaslanan dayanıqlı tərəfdaşlıq modeli kimi inkişaf edir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin genişlənməsi və yeni iqtisadi təşəbbüslərin irəli sürülməsi ikitərəfli münasibətlərə yeni dinamika qazandırmışdır. Bu münasibətlər təkcə iki dövlət arasında əməkdaşlığın genişlənməsinə deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Slovakiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rolu yüksək qiymətləndirir. Təbii qaz təchizatı, yaşıl enerji layihələri, nəqliyyat-logistika marşrutlarının inkişafı və Orta Dəhliz üzrə əməkdaşlıq tərəflər arasında iqtisadi əlaqələrin əsas istiqamətlərini təşkil edir. Bu sahələrdə formalaşan əməkdaşlıq qarşılıqlı iqtisadi maraqları daha da gücləndirir və yeni investisiya imkanları yaradır. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də sənaye, innovasiya, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir. Slovak şirkətlərinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə maraq göstərməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etmək istəyi, əməkdaşlığın praktik nəticələr verdiyini nümayiş etdirir. Bu, həm də Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma proqramına beynəlxalq biznes dairələrinin etimadının göstəricisidir. Humanitar sahədə əlaqələrin inkişafı da münasibətlərin mühüm tərkib hissəsidir. Təhsil, elm, mədəniyyət və turizm istiqamətlərində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlar çərçivəsində aparılan konstruktiv əməkdaşlıq isə iki ölkənin qlobal və regional məsələlər üzrə dialoqunu gücləndirir. Mövcud siyasi iradə, qarşılıqlı etimad və əməkdaşlığın davamlı genişlənməsi göstərir ki, Slovakiya ilə Azərbaycan arasında əlaqələr uzunmüddətli inkişaf mərhələsinə daxil olub. Tərəflərin qarşılıqlı maraqlara söykənən fəaliyyəti gələcəkdə də yeni layihələrin reallaşdırılmasına, iqtisadi əlaqələrin dərinləşdirilməsinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova





















