Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
Slovakiya Respublikası Prezidenti Peter Pellegrininin 14 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə Şuşada verdiyi birgə bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir, siyasi dialoq müntəzəm xarakter alıb və ikitərəfli əməkdaşlığın gündəliyi kifayət qədər genişdir. Bu yanaşma münasibətlərin yalnız diplomatik təmaslarla məhdudlaşmadığını, enerji, nəqliyyat, iqtisadiyyat, investisiya, bərpa-quruculuq, humanitar və turizm istiqamətlərini də əhatə etdiyini göstərir. Səfər zamanı aparılan danışıqlarda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rol yüksək qiymətləndirildi. Slovakiya Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi əhəmiyyətini vurğulayaraq enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan etdi. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri olduğunu qeyd edərək Slovakiya ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirdi. Prezident Peter Pellegrini isə öz çıxışında Slovakiya ilə Azərbaycan arasında münasibətlərin yalnız iqtisadi və diplomatik sahələrlə məhdudlaşmadığını, xalqlar arasında qarşılıqlı əlaqələrin və turist mübadiləsinin də davamlı şəkildə artdığını vurğuladı. O, Azərbaycanın regionda sabitliyin, inkişafın və beynəlxalq nəqliyyat marşrutlarının mühüm mərkəzlərindən biri olduğunu qeyd edərək, iki ölkə arasında əməkdaşlığın konkret layihələr üzərində qurulduğunu bildirdi. Bu yanaşma tərəflərin strateji tərəfdaşlığa verdiyi önəmi və gələcək əməkdaşlıq perspektivlərinin genişliyini əks etdirir. Səfər çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq da Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma prosesinə göstərdiyi marağın göstəricisi oldu. Prezidentlərin Ağdam rayonunda və Şuşada həyata keçirilən layihələrlə tanış olması gələcəkdə Slovakiya şirkətlərinin bu prosesdə daha fəal iştirak edə biləcəyinə dair mühüm siyasi mesaj kimi qiymətləndirilir.
Bütövlükdə, Peter Pellegrininin Azərbaycana səfəri və iki dövlət başçısının verdiyi bəyanatlar təsdiqləyir ki, Slovakiya–Azərbaycan münasibətləri qarşılıqlı hörmət, etibarlı siyasi dialoq və ortaq maraqlara əsaslanaraq dinamik inkişaf edir. Müasir geosiyasi şəraitdə bu əməkdaşlıq həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə mühüm töhfə vermək potensialına malikdir.
Veteran Müəllim Etibar Niftəliyev





















