image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783967289477622577_1200x630

Slovakiya–Azərbaycan əlaqələri: siyasi dialoqdan strateji tərəfdaşlığa doğru

image-legitimaz-810x90

Slovakiya–Azərbaycan əlaqələri: siyasi dialoqdan strateji tərəfdaşlığa doğru

Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuş, qarşılıqlı etimada, siyasi dialoqa və praktik əməkdaşlığa əsaslanan yeni məzmun qazanmışdır. Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın ardıcıl şəkildə genişləndirildiyini təsdiq edir.

İkitərəfli əlaqələrin mühüm nailiyyətlərindən biri 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması olmuşdur. Bu sənəd siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdırmışdır. Strateji tərəfdaşlıq statusu tərəflərin uzunmüddətli əməkdaşlıq niyyətini və qarşılıqlı maraqlara əsaslanan münasibətləri daha da inkişaf etdirmək əzmini nümayiş etdirir.

Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq edir, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsi mövqeyini bölüşürlər. Siyasi məsləhətləşmələrin müntəzəm keçirilməsi, parlamentlərarası əlaqələrin genişlənməsi və müxtəlif dövlət qurumları arasında birbaşa əməkdaşlığın inkişafı münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir.

İqtisadi əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir və bu baxımdan Slovakiya ilə enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına verilən töhfə Slovakiya ilə qarşılıqlı maraqların daha da genişlənməsinə şərait yaradır. Eyni zamanda nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və investisiya sahələrində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.” Bu fikirlər göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret layihələr və real əməkdaşlıq mexanizmləri ilə müşayiət olunur.

Humanitar sahədə də əməkdaşlıq genişlənməkdədir. Təhsil, elm, mədəniyyət və turizm istiqamətlərində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Akademik mübadilə proqramları, mədəni tədbirlər və işgüzar forumlar ölkələr arasında əlaqələrin çoxşaxəli xarakter almasına töhfə verir. Slovakiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. Dövlət başçılarının siyasi iradəsi, imzalanmış strateji sənədlər və həyata keçirilən birgə layihələr gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Bu münasibətlər həm iki ölkənin milli maraqlarına xidmət edir, həm də Avropa ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının möhkəmləndirilməsinə mühüm töhfə verir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki