Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Müstəqillik illərində Azərbaycan güclü siyasi iradə, məqsədyönlü iqtisadi siyasət və uğurlu inkişaf modeli sayəsində regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ölkənin iqtisadi qüdrətinin artması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və milli maraqlara əsaslanan siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri kimi çıxış edir.
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Ölkəmiz Türk dünyası dövlətləri, Mərkəzi Asiya ölkələri, Avropa və Asiya arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Xüsusilə nəqliyyat və logistika sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində mövqeyini gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olan Azərbaycan regional əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.
İyun ayının 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər də iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin növbəti təzahürü oldu. Görüşlər zamanı siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə edildi, regional layihələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Türkmənistan arasında siyasi etimadın və qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.”
Azərbaycan-Türkmənistan əməkdaşlığının yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regionun gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Xəzər hövzəsində yerləşən iki dost ölkənin nəqliyyat-logistika imkanlarının birləşdirilməsi beynəlxalq yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradır.
Azərbaycan və Türkmənistan arasında siyasi etimadın yüksək səviyyədə olması nəqliyyat, ticarət və investisiya layihələrinin uğurla həyata keçirilməsinin əsas təminatlarından biridir. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi həm ölkələrin milli maraqlarına, həm də regional sabitlik və iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru
























