Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu, iqtisadi potensialının genişlənməsi, beynəlxalq nüfuzunun artması və müxtəlif regionlarla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi ölkəmizin müasir dünya siyasətində fəal mövqeyini müəyyənləşdirir. Bu gün Azərbaycan yalnız regional məsələlərdə deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və dialoqun təşviqində mühüm rol oynayan dövlət kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət müxtəlif coğrafiyaları və xalqları bir araya gətirərək yeni tərəfdaşlıq imkanları yaradır. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri və cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı da bu əməkdaşlıq xəttinin növbəti təzahürü kimi diqqət çəkir.
Azərbaycan ilə Laos arasında münasibətlər qarşılıqlı hörmətə, siyasi dialoqa və beynəlxalq platformalarda əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasındakı siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Dövlət başçısının səsləndirdiyi fikirlər münasibətlərin mahiyyətini və gələcək istiqamətlərini aydın ifadə edir: “Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.”
Səfərin diqqətçəkən məqamlarından biri də siyasi münasibətlərin iqtisadi əməkdaşlıqla daha da zənginləşdirilməsi məsələsidir. Cənab Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini bildirərək iqtisadi sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu yanaşma göstərir ki, Azərbaycan-Laos münasibətlərinin gələcək gündəliyində siyasi dialoqla yanaşı, konkret iqtisadi nəticələrin əldə olunması da mühüm yer tutur. Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos biznes forumu, investisiya imkanlarının araşdırılması və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi bu istiqamətdə yeni perspektivlər yarada bilər.
Əməkdaşlığın mümkün istiqamətləri kifayət qədər genişdir. Energetika, kənd təsərrüfatı, nəqliyyat, logistika, faydalı qazıntılar və təhsil sahələrində qarşılıqlı maraqların uzlaşdırılması ikitərəfli münasibətlərin praktik məzmununu artıra bilər. Xüsusilə nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə əlaqələrin inkişafı baxımından aparılan müzakirələr gələcək əməkdaşlıq üçün əhəmiyyətlidir. Bu sahələrdə nəticələrin əldə olunması isə siyasi səviyyədə ifadə edilən niyyətlərin konkret layihələrə çevrilməsindən asılı olacaq.
Humanitar əlaqələrin inkişafı da səfərin gündəliyində mühüm yer tutur. Cənab Prezident İlham Əliyevin Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası ilə bağlı irəli sürdüyü təşəbbüs xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təhsil, mədəniyyət və insanlar arasında təmaslar dövlətlərarası münasibətlərin yalnız rəsmi görüşlərlə məhdudlaşmamasına, qarşılıqlı tanışlığın və etimadın daha geniş müstəvidə inkişafına şərait yaradır.
Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində ayrıca mərhələdir. Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat və imzalanmış sənədlər əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu sənədlərin real nəticələrlə müşayiət olunması isə iki ölkənin müvafiq qurumları, biznes dairələri və digər tərəfdaşları arasında ardıcıl fəaliyyət tələb edir.
Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi


























