image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı

image-legitimaz-810x90

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

 

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq, şərəfli və qürurverici səhifələrindən birini təşkil edir. Otuz ilə yaxın davam edən işğala, ədalətsizliyə və torpaqlarımızın qəsb edilməsinə son qoyan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri Azərbaycanın suverenliyini tam və qəti şəkildə bərpa etdi. Bu zəfər yürüşünün məntiqi yekunu, tarixi ədalətin və milli qürurumuzun təntənəsi kimi 2023-cü il oktyabrın 15-də müqəddəs üçrəngli bayrağımızın separatizmdən təmizlənmiş şəhərlərimizdə ucaldılması oldu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfəri, həmin ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması təkcə siyasi-hərbi qələbənin təsdiqi deyil, həm də bütün dünyaya verilən sarsılmaz iradə və güc mesajı idi. İllərlə həsrətində olduğumuz, hər bir azərbaycanlının arzusu olan bu tarixi an Xankəndinin mərkəzi meydanında bayrağın dalğalanması ilə əbədiləşdi.

Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciət edən dövlətimizin başçısı tarixi zəfərin mahiyyətini və keçilən mübarizə yolunu xüsusi qürur hissi ilə vurğuladı: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici və daxili siyasət, güclü ordu quruculuğu, iqtisadi müstəqillik və xalq-iqtidar birliyi bu böyük qələbənin əsas sütunlarını təşkil etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucalan bayrağımız təkcə suverenliyimizin rəmzi deyil, həm də həmin torpaqlarda əbədi sülhün, təhlükəsizliyin və yenidənqurma dövrünün başlanğıcıdır.

Bu gün həmin şəhərlərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, məcburi köçkünlərin öz doğma ocaqlarına təhlükəsiz qayıdışı təmin edilir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əbədi zəfərinin və sarsılmaz birliyinin əbədi məşəlidir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki