image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460829_76b05da436dbe0e3b910eacddfb32094

Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti

image-legitimaz-810x90

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti

 

2026-cı il sentyabrın 15-də Bakı bir daha mühüm beynəlxalq görüşlərə ev sahibliyi edən şəhərlərdən biri kimi diqqət mərkəzində oldu. Paytaxtımızda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri, şairi Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və tədqiqatçıların bir araya gəldiyi bu tədbirlər öz məzmunu və daşıdığı mənəvi mesaj baxımından mühüm əhəmiyyət kəsb edir. Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsi xüsusi rəmzi məna daşıyır. Bir tərəfdən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri arasında əməkdaşlıq və fikir mübadiləsi üçün mühüm platforma yaradıldı, digər tərəfdən Azərbaycanın zəngin mənəvi-fəlsəfi irsinin parlaq nümayəndələrindən biri olan Seyid Yəhya Bakuvinin həyatı, yaradıcılığı və elmi irsi beynəlxalq səviyyədə diqqətə çatdırıldı. Azərbaycan tarixən elmə, ədəbiyyata, fəlsəfəyə və mənəvi düşüncəyə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi məkan kimi tanınır. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin irsi xalqımızın zəngin mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyev də tədbirdəki çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bu böyük şəxsiyyətlərin irsinin Azərbaycan xalqı ilə yanaşı, bütövlükdə İslam aləmi üçün böyük dəyər daşıdığını vurğulayıb. Seyid Yəhya Bakuvi XV əsrdə yaşamış və öz dövrünün mənəvi-fəlsəfi fikrinə mühüm təsir göstərmiş görkəmli şəxsiyyətlərdəndir. Onun irsi yalnız tarixi keçmişimizin öyrənilməsi baxımından deyil, müasir dövrdə insan, cəmiyyət, mənəviyyat və əxlaq haqqında düşüncələrin inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Bakuvi irsinin beynəlxalq elmi konfransın mövzusuna çevrilməsi Azərbaycanın mənəvi irsinin beynəlxalq elmi müstəvidə tanıdılması baxımından əhəmiyyətlidir. Müxtəlif ölkələrdən alim və mütəxəssislərin iştirakı ilə keçirilən belə tədbirlər tarixi şəxsiyyətlərin irsinin daha geniş şəkildə araşdırılmasına, yeni elmi yanaşmaların ortaya qoyulmasına və mədəni əlaqələrin möhkəmləndirilməsinə imkan yaradır. Konfransın məhz dini liderlərin toplantısı ilə eyni dövrdə keçirilməsi isə ayrıca diqqət çəkir. Çünki Seyid Yəhya Bakuvinin irsi mənəvi dəyərlər, insanın kamilləşməsi, mərhəmət, dözümlülük və mənəvi məsuliyyət kimi məsələlərin öyrənilməsi baxımından əhəmiyyətli bir istiqamət yaradır. Bu dəyərlər isə müasir dünyada müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşma və dialoqun möhkəmləndirilməsi üçün də mühüm əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının toplantısı da məhz belə əməkdaşlıq mühitinin formalaşdırılması baxımından mühüm platformadır. Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən dini liderlərlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan nümayəndələrin də iştirak etməsi görüşün coğrafi və məzmun baxımından genişliyini göstərir. Dini liderlərin bir araya gəlməsi ilk növbədə dialoq və qarşılıqlı anlaşma üçün imkan yaradır. Müasir dövrdə dini dəyərlərin sülh, əmin-amanlıq, humanizm və əməkdaşlıq naminə istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Dini liderlərin cəmiyyətlərə ünvanladığı mesajların sülhə, barışığa və qarşılıqlı hörmətə xidmət etməsi xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə verə bilər. Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsi də ölkəmizin tarixi və mədəni mövqeyi ilə əlaqələndirilə bilər. Azərbaycan həm Türk dünyasının bir hissəsidir, həm də Qafqazın mühüm ölkələrindən biridir. Bu xüsusiyyət ölkəmizi müxtəlif coğrafiyaları və mədəni mühitləri bir araya gətirən mühüm görüşlər üçün əlverişli məkanlardan birinə çevirir. Bu tədbirlərin daha bir əhəmiyyətli tərəfi gənc nəslin tarixi və mənəvi irslə tanışlığıdır. Tarixi şəxsiyyətlərin irsi yalnız kitab səhifələrində qalmamalı, müasir nəslə çatdırılmalı, onların ideyaları elmi və maarifləndirici tədbirlər vasitəsilə öyrənilməlidir. Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsinin araşdırılması gənclərə Azərbaycanın çoxəsrlik elmi və mənəvi düşüncə tarixini daha yaxından tanımağa imkan verir. Mədəni irsin qorunması yalnız maddi nümunələrin, əlyazmaların, tarixi abidələrin və sənət əsərlərinin mühafizəsi ilə məhdudlaşmır. Mənəvi irsin yaşadılması, öyrənilməsi və təbliği də mədəni irsin qorunmasının mühüm istiqamətidir. Bu baxımdan beynəlxalq elmi konfransların və dini-mənəvi mövzulu görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bakıda keçirilən bu iki tədbirin bir mühüm mesajı da ondan ibarətdir ki, tarix və müasirlik bir-birindən ayrı deyil. Keçmişin böyük şəxsiyyətlərinin irsi bu günün mənəvi və ictimai məsələlərinin müzakirəsinə yeni baxışlar qazandıra bilər. Seyid Yəhya Bakuvinin irsi də bu baxımdan yalnız keçmişin yadigarı deyil, öyrənilməyə və gələcək nəsillərə çatdırılmağa layiq zəngin mənəvi xəzinədir. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Bakının beynəlxalq dini, elmi və mədəni dialoq məkanı kimi rolunu bir daha nümayiş etdirən mühüm tədbirlərdir. Bu görüşlər Türk dünyası arasında dini və mənəvi əlaqələrin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən mühüm platforma kimi qiymətləndirilə bilər. Seyid Yəhya Bakuvinin əsrlər əvvəl formalaşmış mənəvi irsinin bu gün Bakıda müxtəlif ölkələrdən olan alimlərin və dini liderlərin iştirakı ilə müzakirə olunması isə bir daha göstərir ki, həqiqi mənəvi irs zamanın sərhədlərini aşır və hər yeni nəsil üçün öz aktuallığını qoruyur. Bakıdan dünyaya yayılan bu mesajın mahiyyətində isə elm, mənəviyyat, dialoq, qarşılıqlı hörmət və həmrəylik dayanır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki