“Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası”
1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixində çox mühüm bir hadisə baş verdi. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu. Bu dövlət Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızın dövlətçilik tarixində silinməz iz buraxdı. Həmin dövrdə ölkədə parlament yaradıldı, dövlət bayrağı qəbul edildi, ana dili dövlət dili elan olundu və milli ordu quruldu. Cümhuriyyətin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Bu dövlət bütün vətəndaşların hüquqlarına hörmət edirdi. Parlamentdə müxtəlif millətlərin və siyasi partiyaların nümayəndələri təmsil olunurdu. Bu isə ölkədə demokratiyanın inkişafına böyük töhfə verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk müsəlman ölkələrindən biri olmuşdur. Bu addım həmin dövr üçün çox böyük yenilik hesab edilirdi. Təhsil, mədəniyyət və dövlət idarəçiliyi sahəsində mühüm islahatlar həyata keçirilmişdi.
Cümhuriyyətin qurucuları arasında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər görkəmli şəxslər böyük rol oynamışlar. Onların fəaliyyəti nəticəsində Azərbaycan xalqı müstəqil dövlət qurmaq bacarığını bütün dünyaya göstərdi. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Hər il 28 May – Müstəqillik Günü ölkəmizdə böyük qürur hissi ilə qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, müstəqillik və demokratiya arzularının rəmzi olaraq tariximizdə yaşayır.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov



















